Şəhid məzarı ziyarəti QƏTLLƏ nəticələndi: Kassasiya şikayəti verildi

Şəhid məzarı ziyarəti QƏTLLƏ nəticələndi: Kassasiya şikayəti verildi
Hadisə 92

Tovuzda qəbiristanlıqda həmkəndlisini döyüb öldürməkdə təqsirləndirilən Mübariz Yusifovun barəsindəki qərardan kassasiya şikayəti verilib.

BAKU.WS Pravda.az-a istinadən xəbər verir ki, şikayət hakim Şahin Yusifovun sədrliyi ilə baxılacaq.

İttihama əsasən, hadisə 2024-cü il iyulun 1-də Tovuz rayonunun Yuxarı Öysüzlü kənd qəbiristanlığında baş verib. Şəhid atası Mübariz Yusifov oğlu Münasib Yusifovun məzarını ziyarətə gedərkən həmkəndlisi, 66 yaşlı Novruz Hacıyevin qəbiristanlıq ərazisində mal-qara otardığını görüb. Yusifov buna etiraz edərək Hacıyevdən heyvanları qəbiristanlıqdan çıxarmasını tələb edib. Mübahisə zamanı Novruz Hacıyev əlindəki çomaqla Mübariz Yusifova hücum edib. Yusifov isə çomağı ondan alıb və Hacıyevi yerə yıxaraq həmin çomaqla onun baş və bədəninə zərbələr endirib.

Ağır xəsarətlər alan Novruz Hacıyev xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.

Hadisə ilə bağlı Tovuz Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərərvurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi açılıb. Mübariz Yusifov təqsirləndirilən şəxs qismində həbs edilib. Gəncə Ağır Cinayətlər Məhkəməsi onu 10 il müddətinə azadlıqdan məhrum edib. Gəncə Apellyasiya Məhkəməsi isə verilən apellyasiya şikayətini təmin etməyib.

Son xəbərlər