"Mərkəzi Bank ötən il əzində 8 milyard 742 milyon ABŞ dollarını manatın məzənnəsini tənzimləmək məqsədilə xərcləsə də nəinki manat sabitləşib, hətta onun üçün 1 il bundan əvvəlki ilə müqayisədə daha çox təhlükələr yaranıb. 2015-ci ildə valyuta bazarına ayllıq 728 milyon dollar, gündəlik 24 milyon dollar müdaxiləya baxmayaraq 1 ildən sonra bizə miras qalan dəyərini ABŞ dolları qarşısında 2 dəfəyədək itirən manat, dollarlaşan maliyyə sistemi və reytinqi aşağı düşən banklar oldu".
 
BAKU.WS-in məlumatına görə, bunu iqtisadçı Qubad İbadoğlu söyləyib. İqtisadçı bildirib ki, nəticədə son 1 ildə nəinki, ümumi ixracat 2014-cü ilə nisbətən 47.66 faiz azaldı, hətta qeyri neft bölməsinin ixracatı da həmin dövrdə 149 milyon dollar və 8,5 faiz aşağı düşdü. Dövr ərzində ölkəmizin beynəlxalq ödəmə qabliyyətinin də pisləşməsi qeydə alındı, tədiyə balansının mənfi saldosu yarandı. 

"Təkrar devalvasiyadan sonra xüsusilə də bankların və kredit təşkilatlarının maliyyə vəziyyəti daha da pisləşdi. Ötən gün "Moody's Investors Service" beynəlxalq reytinq agentliy Azərbaycandakı 6 kommersiya bankı üzrə risk qiymətləndirməsinin nəticələrini açıqladı və onların uzunmüddətli borc reytinqi aşağı salındı. 
Bütün bunlara yanaşı Azərbaycanda azad biznes üçün fəaliyyət mühiti pisləşməkdə, banklara olan maliyyə təzyiqi artmaqda, istehlak bazarında bahalaşma davam etməkdədir", - deyə ekspert əlavə edib.
 
Mütəxəssis hesab edir ki, dövr ərzində iqtsiadiiyyatın dollarlaşması Mərkəzi Bankın Azərbaycanda pul kütləsinə təsiri imkanlarını azaldaraq ABŞ Federal Ehtiyat Sisteminin (FES) qərarlarının rolunu önə çıxartdı: "Bu baxımdan FES-in Açıq Bazarda Əməliyyatlar üzrə Federal Komitəsi bir neçə gün sonra yanvarın 27-28-də bu ilin ilk toplantısında qəbul edəcəyi növbəti qərarlar dolların mövqeyinin daha da möhkəmləndirməklə manata olan təzyiqləri bir az da artıra bilər. Nə qədər ki, manat bazarda gerçək dəyərini ala bilməyib, Mərkəzi Bank ona olan istehlakçı etimadını bərpa edib, milli valyutanın ödəniş və yığım vasitəsi kimi təməl funksiyalarını tam bərpa edə bilməyəcək və belə davam edərsə mövcud valyuta ehtiyatları da qısa müddədən sonra tükənəcək. Odur ki, Mərkəzi Bankı valyuta bazarını liberallaşdırmağa və üzən məzənnə siyasətinə qayıtmağa çağırıram".
 
BAKU.WS