VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Sentyabrın 15-də Azərbaycan paytaxtının Azadlıq meydanında Bakı şəhərinin azad edilməsinin 100 illiyinə həsr olunmuş parad keçirilib.

BAKU.WS xəbər verir ki, parradda iştirak edən Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan çıxışında Azərbaycan-Türkiyə münasibətlərindən danışıb. 

"Əvvəla, Azərbaycanın müstəqilliyi üçün canlarını fəda edən bütün şəhidlərimizi ehtiramla anırıq, onlara Allahdan rəhmət və ruhlarının şad olmasını diləyirəm. Onlar fədakarlıqları və cəsarətləri ilə özlərindən sonra nəsildən-nəslə qürurla xatırlanacaq şanlı bir dastan yazaraq, Türkiyə və Azərbaycanın əbədi qardaşlığının da rəmzi oldular. Biz dünyanın 34 ölkəsində 78 şəhid məzarlığı olan bir ölkəyik. Türkiyə Azərbaycan uğrunda 1132 şəhid verib. Azərbaycan Türkiyədən sonra ən çox şəhidimizin olduğu ölkədir. Buradakı məzarlarda yanaşı uyuyan şəhidlərimiz, eyni zamanda, ölkələrimiz arasındakı birgə taleyin təmsilçiləridir. Türkiyə və Azərbaycan tarixi bir, mədəniyyəti bir, dili bir, dini bir iki qardaş ölkədir.

Böyük şair, mərhum Bəxtiyar Vahabzadə bu birliyimizi belə gözəl ifadə edib:

Bir ananın iki oğlu,

Bir amalın iki qolu.

O da ulu, bu da ulu,

Azərbaycan-Türkiyə.

Dinimiz bir, dilimiz bir,

Ayımız bir, ilimiz bir,

Eşqimiz bir, yolumuz bir,

Azərbaycan-Türkiyə.

Birdir bizim hər halımız,

Sevincimiz-məlalımız.

Bayraqlarda hilalımız,

Azərbaycan-Türkiyə.

Ana yurdda yuva qurdum,

Ata yurda könül verdim.

Ana yurdum, ata yurdum,

Azərbaycan-Türkiyə.

Bəli, Türkiyə və Azərbaycanın birliyi bu misralarda təcəssüm edən qardaşlığın ən gözəl nümunəsidir".

Abbas
BAKU.WS