Bakıda bütün sərnişin avtobusları vahid kart sisteminə keçəcək.

Bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin mətbuat xidmətinin rəhbəri Şəfa Mehmanqızı BAKU.WS-ə məlumat verib. Onun sözlərinə görə, yaxın vaxt ərzində şəhər nəqliyyatında gedişhaqqıların nağd şəkildə ödənilməsi tamam ləğv ediləcək.

"Artıq bu işlərə başlanılıb. Bu yaxınlardan başlayaraq Bakıdakı bütün avtobuslarda aparatlar quraşdırılacaq. "BakuBus” avtobuslarında olduğu kimi digər marşrutlarda da gedişhaqqılar "BakıKart” vasitəsilə ödəniləcək”, - deyə Şəfa Mehmanqızı bildirib. Bununla bağlı olaraq köhnə avtobuslarda quraşdırılan ödəmə validatorları sökülərək yeniləri ilə əvəz olunacaq. 


Mərkəz rəsmisi bildirib ki, bundan sonra qanunsuz fəaliyyət göstərən avtobusların işləməsi mümkün olmayacaq. Bu sistem işə düşəndən sonra digər neqativ hallar da aradan qaldırılacaq.

Ziya Səccad
BAKU.WS