Gələn il üçün neftin qiyməti ilə bağlı müxtəlif proqnozlar açıqlanır. Ancaq bunlar arasında ən bədbin proqnozu Rusiyanın maliyyə nazirinin müavini Maksim Oreşkin söyləyib. O qeyd edib ki, Rusiya Maliyyə Nazirliyi yaxın müddətdə neftin qiymətinin 20 dollara düşəcəyini proqnozlaşdırıb. Oreşkinin sözlərinə görə, mütəxəssislər bu proqnozun gerçəkləşmə ehtimalının az olduğunu hesab etsə də, bədbin proqnozun mümkün olacağı istisna edilmir. Nazir müavini neftin qiymətinin ucuzlaşmasını hasilatın tələbatı üstələməsi ilə əlaqələndirib.
 
Rusiyanın bu bədbin proqnozu mümkün olarsa Azərbaycanı hansı təhlükələrlə üzləşə bilər? Neftin qiymətinin kəskin ucuzlaşması ölkə iqtisadiyyatına necə təsir edəcək? BAKU.WS yaranan bu suallarını Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban cavablayıb. 
 

  Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban


Mütəxəssis hesab edir ki, İranın bazara neft çıxarması, həmçinin dünyada neftə olan tələbatın azalması bu proqnozun mümkün olacağını şərtləndirir. Ancaq İ.Şaban neftin qiymətinin uzunmüddətli deyil, qısa müddətə kəskin ucuzlaşacağını güman edir: "2015-ci ildə Brent markalı neftin qiyməti 42 dollara düşüb. Bu, Fond Birjasının birdən-birə 9% çöküşü ilə eyni vaxtda baş verdi. Ekspertlər gələn il üçün də bu senarini istisna etmirlər. Ancaq bu o demək deyil ki, neftin qiyməti elə 20 dollar civarında qalacaq. Gələn il üçün neftin orta qiyməti 50 dollardan yuxarı olacaq".
 
Nüfuzlu "Goldman Sachs" şirkətinin əmtəə araşdırmaları bölməsinin direktoru Ceff Currie neft qiymətlərinin növbəti 10 illik müddətin sonuna qədər aşağı olacağı ehtimalının olduqca yüksək olduğunu deyib. "Goldman Sachs"ın rəsmi proqnozlarına görə, neftin qiyməti 50 dollar civarında qalacaq. Ancaq OPEC "Goldman Sachs"dan fərqli olaraq 2018-ci ilə qədər neftin qiymətinin 90 dollar civarına qalxacağını proqnozlaşdırıb.
 

  Brent markalı neftin 2015-ci ildə qiymət dinamikası 


İqtisadçı İ.Şaban hesab edir ki, dünya bazarındakı vəziyyətlə bağlı uzunmüddətli proqnozlar bəzən özünü doğrultmur. Mütəxəssis gələn il üçün neftin qiymətinin kəskin ucuzlaşmasının Azərbaycan təsirindən də danışıb. O bildirib ki, Azərbaycan hökuməti neftin qiyməti ilə bağlı 3 ssenari hazırlayıb. İqtisadçı neftin qiymətinin 50 dollar olacağı təqdirdə infrastruktur layihələrin azalacağını vurğulayıb:
 
"Bu günki büdcəmiz neftin 60 dollarlıq qiyməti ilə hesablanır. Azərbaycanda böyük layihələr görürük ki, dayanır. Maliyyə vəsaitləri azalır və bu da çətin vəziyyət yaradıb. Bu il üçün büdcə xərcləri 17,8 milyard təşkil edəcək. Bu isə proqnozdan aşağıdır. Gələn il üçün isə büdcə xərcləri 16 milyard civarında olacaq. Bu vəziyyətlə barışmaq lazımdır. Neftin qiyməti 7-8 il əvvəl də kəskin ucuzlaşmışdı. Bu, dünyanın sonu deyil". 
 
ŞAHİN Həbibov 
BAKU.WS