Yeni tədris ilinə bir ay qalsa da, pandemiya dərslərin başlayıb-başlamayacağını sual altında saxlayır. Artıq dünyanın bir sıra ölkələri tədricən məktəblərdə tədrisi bərpa etmək üçün addımlar atır.

Qonşu Türkiyədə avqustun 31-dən dərslərin onlayn, sentyabrın 21-dən isə ənənəvi üsulla başlanması nəzərdə tutulur. Azərbaycanda hansı addımların atılacağı isə hələ ki məlum deyil. Şagirdləri təhsildən daha çox kənar saxlamamaq üçün nələr etmək olar?

BAKU.WS xəbər verir ki, təhsil eksperti Kamran Əsədov mövzu ilə bağlı Lent.az-a danışıb.

O, pandemiyanın başladığı ilk aylarda təhsil müəssisələrinin fəaliyyətinin dayandırılmasının qısa bir müddət sürəcəyi və tezliklə fəaliyyətini davam etdirəcəyi barədə gözləntilərin olduğunu, pandemiyanın kütləvi itkilərlə müşayiət edilməsi və hələ uzun müddət davam edəcəyi məlum olandan sonra, təhsil sistemlərinin təhsilin fasiləsizliyinin təmin edilməsi ilə bağlı tədbirlər görməyə başladıqlarını xatırladıb:

“Azərbaycanda martın 3-dən tədris prosesinin dayanması ən çox aşağı sinif şagirdlərinə mənfi təsir göstərdi. Onlarda oxuma, yazma və anlama vərdişləri yeni formalaşdığını nəzərə alsaq, uzun müddət planlaşdırılmamış tədrisdən kənarda qalmaq bu qabiliyyətlərin itməsinə və ya azalmasına səbəb ola bilər. Ona görə də Təhsil Nazirliyi martın 11-dən etibarən Mədəniyyət TV-də “Tele Dərs” layihəsinə başladı.

Bu, şagirdlər üçün dərs axınının təmin olunmasına imkan verdi. “Virtual məktəb” layihəsini də müsbət qiymətləndirirəm. Amma burada bir məqam var idi: mart ayında virtual dərs keçən şagirdlər o zamana qədər 7 ay ənənəvi formada dərs keçmişdilər. Yəni, sentyabrdan dərslərin onlayn formada başlanması effektiv olmayacaq. Yeni tədris ilində yalnız onlayn sistemlə davam etmək olmaz. Çünki hər iki layihəyə orta məktəblərdə çalışan 150 min müəllimin yalnız 50-60 nəfəri cəlb olunur. Ona görə də yeni forma tətbiq edilməlidir”.

K.Əsədov hesab edir ki, mövcud vəziyyətə görə, dərslər həftə ərzində hər gün olmamalıdır: “İnanıram ki, Azərbaycanda da sentyabr ayında yeni tədris ili başlayacaq. Məncə, dərslər həftə ərzində hər gün olmamalıdır. Belə ki, 1-3-5-7-9-11-ci sinif şagirdləri məktəblərə 1-3-5-ci günlər, geri qalan siniflər isə 2-4-6-cı günlər gəlməlidir. Bu zaman isə sosail məsafə və digər qabaqlayıcı tədbirlərə diqqət yetirmək lazımdır.

Bundan başqa, 4447 orta məktəbdə təhsil alan hər bir şagirdə dövlət büdcəsi hesabına planşetlər verilməli və bütün şagirdlərin onlayn təhsilə qoşulması üçün bərabər imkanlar yaradılmalıdır. Hesab edirəm ki, dərslər sentyabrın 1-dən başlamalıdır. Amma bu müddətlər də dəyişməlidir. Belə ki, ibtidai siniflər üçün dərs müddəti 25, digər siniflər üçün 30 dəqiqə müəyyən edilməlidir. Yaxın fənləri birləşdirərək inteqrativ dərslərə üstünlük verilməlidir.

Dərs saatları elə müəyyən edilməlidir ki, şagirdlər məktəbdə maksimum 2-2,5 saat olsun. Məktəb 3 növbə fəaliyyət göstərməlidir. I növbə saat 08-00-dan 10-00-dək ibtidai siniflər, II növbə saat 10:30-dan 13:30-dək V-VIII siniflər üçün olmalıdır, III növbədə, saat 14-00-dan 17-00-dək IX-XI siniflər məktəbdə dərslərdə iştirak etməlidirlər. Bütün hallarda isə sinifdə şagird sıxlığına xüsusi diqqət yetirmək lazımdır.

İbtidai siniflərdə şagird sayının 20-dən, digər siniflərdə 15-dən çox olmasına imkan verilməməlidir. Bütün bunlarla yanaşı, zəruri tibbi-sanitar normalar gözlənilməli, məktəblər mütəmadi dezinfeksiya edilməlidir. Fiziki tərbiyə və həyat bilgisi dərsləri mütləq keçirilməlidir. Həmin dərslərə pandemiya və sağlamlığın qorunması ilə bağlı aktual olan mövzu və idman hərəkətləri daxil edilməlidir. Bu fənlər, xüsusilə fiziki tərbiyə dərsi əlavə dərs cədvəli müəyyən olunaraq keçirilə bilər. Kütləviliyin və təmas hallarının qarşısının alınması məqsədilə şagirdlərin məktəb binasına daxil olmasının təmini üçün mövcud olan bütün giriş qapılarından istifadə qaydaları müəyyən edilməlidir”.

Ekspert hesab edir ki, dərslər sentyabrın 1-dən başlamalı, amma sentyabr ayı boyunca əvvəlki ilin materialları təkrarlanmalı, yalnız oktyabr ayından yeni sinfin materillarının keçirilməsinə başlanmalıdır: “Bu sahə üçün ilk növbədə qanunvericilik bazası yaradılmalı, ondan sonra digər texniki işlər görülməlidir.

Bundan başqa, dərs başlayarkən məktəb heyəti müvafiq qoruyucu vasitələrlə təmin olunmalıdır. Bədən hərarəti yüksək olan şagirdlər məktəbdəki həkimin rəyinə uyğun olaraq məktəbə buraxılmamalıdır. Qapıda qızdırma ölçən cihaz və dezinfeksiya aparatı qoyulmalı, hər kəs ondan məcburi istifadə etməlidir. Şagirdlərin dərs başlayarkən və dərs yekunlaşarkən əllərini sanitar qovşağında yumaları təmin edilməlidir. Bunun üçün məktəbdə infrastruktur qaydaya salınmalıdır. Məktəb həyəti və məktəb daxilində şagirdlərin bir yerə toplaşması qadağan olunmalıdır.

Şagirdlərlə bağlı tövsiyələr də olmalıdır. Onlar ictimai nəqliyyatdan mümkün olduqca daha az istifadə etməlidirlər. Məktəbə gələrkən tibbi maska və üz sipərindən istifadə etməlidirlər. Şəxsi əşyalarını digər şəxslərlə, sinif yoldaşları ilə paylaşmaqdan çəkinməlidirlər”.

BAKU.WS