SİZİN REKLAM BURADA!
055 213 76 73


Ukraynada övladları dərs buraxan valideynlər cərimə olunacaq. Bu barədə Ukraynanın Nazirlər Kabineti qərar çıxarıb. 

BAKU.WS
xəbər verir ki, əgər şagirdlər məktəbə 10 iş günü ərzində üzrlü səbəbdən getməsə, məktəb rəhbərliyi bununla bağlı adiyyatı qurumları məlumatlandıracaq.

Valideynlər məhkəmənin çıxardığı qərara uyğun olaraq 850-1700 qrivin (58-116 AZN) cərimə olunacaq və ya inzibati qaydada məsuliyyətə cəlb ediləcək. Təkrar hallara görə isə 1700-5100 qriven (116-348 AZN) cərimə müəyyənləşdirilib.

Bəs, azyaşlıların təhsildən yayındırılması ilə bağlı Azərbaycanda mövcud durum necədir? Ölkədə övlarları müntəzəm olaraq dərs buraxan valideynlərlə bağlı hər hansı tədbirlərin görülməsi nəzərdə tutulubmu? Bununla bağlı valideynlər barəsində inzibati qaydada cərimə tətbiqi varmı? BAKU.WS olaraq bu suallara cavab tapmaq üçün Təhsil Nazirliyi, millət vəkili və təhsil ekspertinə müraciət etdik. 

Təhsil Nazirliyi BAKU.WS-in sorğusuna cavab olaraq bəyan edib ki, şagirdlərin dərsdən yayınma halı kütləvi xarakter daşımır: "Övladları dərsdən yayınan valideynlərə hər hansı cərimənin tətbiqi ilə bağlı qanunvericilikdə müddəa nəzərdə tutulmayıb. Bildiririk ki, şagirdlərin dərsdən yayınma halı kütləvi xarakter daşımır. Belə hala rast gəlindiyi zaman Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiya və yerli təhsili idarəetmə qurumlarının əməkdaşları tərəfindən valideynlərlə maarifləndirici söhbətlər aparılır".

Milli Məclis üzvü Fazil Mustafa BAKU.WS açıqlamasında övladını məktəbdən yayındıran valideynlərə qarşı cərimə, lazım gələrsə isə inzibati qaydada saxlanmaq tədbirlərinin tətbiqini təklif edib: “Bu məsələdə uşaqları orta məktəbdən yayındıan valideynlər məsuliyyətə cəlb olunmalıdır. Bəzən elə hallarda olur ki, böyük yaşda uşaqlar valideynlərinə tabe olmurlar. Onlarla artıq müvafiq dövlət qurumları məşğul olmalıdır. Lakin bütövlükdə azyaşlı uşaqları məktəbdən yayınmağa maraqlı olan valideynlər olurlar. Onlar uşaqları mağazada və həyətdə işlədir, gəlir əldə məqsədilə azyaşlılardan istifadə edirlər.

Bu məsələnin üzərinə getmək lazımdır. Qanunvericlikdə bu məsələ öz əksini tapmalıdır. Əgər valideyn övladına nəzarət edə bilmirsə, bununla bağlı məktəbə məlumat verməlidir ki, rəhbərlik bu istiqamətdə başqa tədbirlər görə bilsin. Ona görə də, valideynlərin məsuliyyəti məsələsi vacibdir. Azərbaycanda qız uşaqlarını məktəbdən yayındıran, təhsil almasına mane olan valideynlərə qarşı bunun təqbiq olunması çox faydalı ola bilər. Yalnız bundan sonra həmin valideynlər cəzalandırlacağını başa düşər və bu kimi hallara yol verməzlər. Fikrimcə ki, övladını məktəbdən yayındıran valideynlərə qarşı cərimə, lazım gələrsə isə inzibati qaydada saxlanmaq tədbirlərini tətbiq etmək olar”. 

Təhsil eksperti Kamran Əsədov hesab edir ki, dövlət öz öhdəliklərini yerinə yetirdiyi kimi, valideynlər də buna əməl etməlidir: “Təhsil haqqında qanuna, orta ümumtəhsil məktəbləri haqqında nizamnaməyə və ümumitəhsil haqqında qanunvericiliyin tələblərinə görə, Azərbaycanda təhsil icbaridir. İcbari sözünün mənası budur ki, hər bir şagird məcburi qaydada orta ümumtəhsil məktəblərinə cəlb olunmalıdır. Bu, dövlətin öhdəliyidir. Dövlət hər bir vətəndaşın pulsuz təhsil almasına məcburi zərurət ortaya qoyub. Valideynlərin də konstitusiya və ailə haqqında qanunverciliyin tələblərinə görə öhdəlikləri var. Valideynin öhdəliklərindən biri budur ki, övladının hər gün aktiv dərs prosesinə davamlı olaraq iştirakını təmin etməlidir. Dövlət öz öhdəliklərini yerinə yetirdiyi kimi, valideynlər də buna əməl etməlidir. 

İnzibati Xətalar Məcəlləsində də valideynlərin məsuliyyətə cəlb olunması barədə maddələr öz əksini tapıb. Birbaşa valideynin təqsiri və ya fəaliyyətsizliyi ucbatından uşaq aktiv dərs prosesində iştirak etmirsə, bu uşağın təhsil almaq hüququnun pozulması deməkdir. Heç bir halda uşaqların 1-ci sinifdən 9-cu sinifədək təhsil alması məhdudləşdırıla bilməz. Əgər uşağın səhhəti buna imkan vermirsə belə, onda inkluzliv və digər təhsilalma formalarından istifadə edilərək onların təhsil hüququ bərpa olunur”. 

Ekspert BAKU.WS-ə açıqlamasında əlavə etdi ki, məktəbin təqdimatından sonra valideynlik hüququnun məhrum edilməsi məsələsi də gündəmə gətirilə bilər: “Etiraf edək ki, Azərbaycanda, xüusən kənd yerlərində həm oğlan, həm də qız uşaqları bir çox hallarda təhsildən yayındırılırlar. Oğlanlar təsərüfat işlərinə cəlb edilir, mağazalarda işlədilir, qızlar isə erkən nikaha daxil olur və ya ev işlərinə cəlb edilirlər. Buna görə, İnzibati Xətalar Məcəlləsində valideynlərin cərimə olunması öz əksini tapıb. Hətta İcra Hakimiyyəti orqanları məktəbin təqdimatından sonra valideynlik hüququnun məhrum edilməsi məsələsini də gündəmə gətirə bilər. 

Təssüf ki, Azərbaycanda belə bir hal baş verməyib. Qanunvericlikdə bu öhdəliklər var. Buna görə, qanun nümayəndələri yerli icra hakimiyyətinə və məhkəməyə müraciət etməklə, həmin şəxsin valideynlik hüququndan məhrum edilməsinə, uşağın internata verilməsinə və onun təhsil hüququnun bərpa edilməsinə nail ola bilər”.

Xatırladaq ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 189-cu maddəsində qeyd olunur ki, yetkinlik yaşına çatmayanların tərbiyə və təlimi vəzifələrinin valideynlər və ya onları əvəz edən şəxslər tərəfindən üzrlü səbəblər olmadan yerinə yetirilməməsinə və ya lazımınca yerinə yetirilməməsinə görə xəbərdarlıq edilir və ya qırx manatdan altmış manatadək məbləğdə cərimə edilir.

Orxan Hüseyn
BAKU.WS