Dərs buraxan şagirdlərin valideynlərini bu orqanlar cərimələyəcək

Dərs buraxan şagirdlərin valideynlərini bu orqanlar cərimələyəcək
Sosial 1762

  

Azərbaycanda dünyəvi icbari ümumi orta təhsil üzrə dərs gününün şagird tərəfindən bir ay ərzində 7 gündən çox buraxılmasına görə şagirdlərin valideynlərini 100 manat miqdarında cərimələyəcək orqanlar müəyyənləşdirilib.

BAKU.WS-in APA-ya istinadən məlumatına görə, bu, "Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 4 dekabr tarixli 32-VQD nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin 5 dekabr 2015-ci il tarixli fərmanında əksini tapıb.

Fərmana əsasən, bu xarakterli inzibati xətalar haqqında işlərə yerli icra hakimiyyəti başçısının şəhər, qəsəbə, kənd və ya sahə inzibati ərazi dairəsi üzrə nümayəndəlikləri baxacaq.

Qeyd edək ki, Milli Məclis dekabrın 4-də İnzibati Xətalar Məcəlləsində dəyişiklik barədə qanun qəbul edib. Dəyişikliyə əsasən İnzibati Xətalar Məcəlləsinə 51.1-1. Maddəsi əlavə edilib. Həmin maddədə qeyd edilib ki, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi səbəblər istisna olmaqla, dünyəvi icbari ümumi orta təhsil üzrə dərs gününün şagird tərəfindən bir ay ərzində 7 gündən çox buraxılmasına görə valideynlər yüz manat miqdarında cərimə ediləcək.

Fərmanda Nazirlər Kabinetinə dünyəvi icbari ümumi orta təhsil üzrə dərs gününün şagird tərəfindən bir ay ərzində 7 gündən çox buraxılmasına görə inzibati cəriməni istisna edən səbəbləri müəyyən etmək də tapşırılıb.

BAKU.WS

Son xəbərlər