VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycan Prezidentinin Fərmanı ilə həm elm, həm də təhsil sahəsində islahatlara start verilib.

Belə ki, artıq Azərbaycanda elmin inkişafı məsələləri ilə həm AMEA, həm də yeni yaradılmış nazirlik məşğul olacaq. İslahatlar elmi tədqiqatların aparılması, tədrisin keyfiyyətinin yüksəldilməsi, ali təhsil müəssisələrinin fəaliyyətinin təkmilləşdirilməsi və elmi nailiyyətlərin iqtisadiyyata inteqrasiyası baxımından əhəmiyyətlidir.

Yəni “Azərbaycan Respublikasında elm və təhsil sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanının əsas məqsədi elm və təhsilin qarşılıqlı əlaqəsinin möhkəmləndirilməsi və bu sahələrdə idarəetmənin təkmilləşdirilməsidir. Fərmanla Təhsil Nazirliyi Elm və Təhsil Nazirliyi adlandırılacaq və elm sahəsində dövlət siyasətini, tənzimləməni həyata keçirəcək. Elmi müəssisə və təşkilatların elmi fəaliyyətinin əlaqələndirilməsi və istiqamətləndirilməsi ilə bağlı səlahiyyətlər yeni nazirliyə verilir və Nazirliyin yanında Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi və Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi yaradılır.

Milli Elmlər Akademiyasının əsasən texniki, təbiət elmləri ilə bağlı instituları Elm və Təhsil Nazirliyinin tabeliyinə verilsə də, bu, akademiyanın ləğvi mənasına gəlmir.

Humanitar institutlar AMEA-nın balansında qalır. AMEA-nın Gəncə, Naxçıvan bölmələri, eləcə də Şəki və Lənkəran elmi mərkəzləri öz fəaliyyətini bu qurumun tabeliyində davam etdirəcək.

BAKU.WS “Report”a istinadən xəbər verir ki, alimlərin, elmi müəssisələrdə çalışan işçilərin ixtisarı nəzərdə tutulmur və qurumun yeni statusu onun yeni nizamnaməsi ilə müəyyənləşdiriləcək. AMEA-da prezident seçkiləri, ənənəyə uyğun olaraq həqiqi və müxbir üzvlərin seçkiləri keçiriləcək. Həm AMEA-nın balansında qalan, həm də yeni nazirliyə verilən elmi institutlar öz işlərini əvvəlki qaydada davam etdirəcəklər.

AMEA-nın tabeliyində olan elm müəssisələri aşağıdakılardır:

Abbasqulu Ağa Bakıxanov adına Tarix İnstitutu;

Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutu;

Akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutu;

Fəlsəfə və Sosiologiya İnstitutu;

Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu;

Nəsimi adına Dilçilik İnstitutu;

Memarlıq və İncəsənət İnstitutu;

Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu;

Folklor İnstitutu;

Elm Tarixi İnstitutu;

Qafqazşünaslıq İnstitutu;

“Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzi;

Mərkəzi Elmi Kitabxana;

“Elm” Nəşriyyatı.

Onu da qeyd edək ki, Fərmanda həm AMEA, həm də yeni nazirliyin maddi-texniki məsələlərinin həll olunması nəzərdə tutulub.

BAKU.WS