Şabran rayonunun Leyti kəndində ibtidai məktəbində cəmi bir şagird təhsil alıb. Ayxan Cəlilov bu kənd məktəbinin yeganə şagirdi olub. Yanvar ayından etibarən isə artıq bu təhsil ocağının qapıları da bağlanıb. Məktəb bağlandığından 4-cü sinif şagirdi təhsildən kənar qalıb.

Ayxanın nənəsi Əntiqə Cəlilova deyir ki, kənddə əslində nəvəsi ilə bərabər bir neçə nəfər yaşıd olsa da, onlar təhsillərini qonşu kənddə alırlar. Yol uzaq olduğundan və dərsə gedib-gəlmək xərc tələb etdiyindən ailə uşağı aparıb-gətirə bilməyib. Buna görə də Ayxan kənd məktəbində təhsil alan yeganə şagird olub. Hazırda təhsil ocağı bağlandığından onun təhsili də yarımçıq qalıb.

Kənddə övladları təhsildən kənar qalan sakinlər də məktəbin açılmasını və ya qonşu kənd məktəbinə gedib-gəlmək üçün hər hansı bir nəqliyyat vasitəsinin ayrılmasını istəyir.

Şabran rayon təhsil şöbəsindən bildirildi ki, məktəbin bağlanmasına səbəb şagird sayının cəmi bir nəfər olmasıdır.

O ki qaldı sakinlərin təklif etdiyi marşrut xəttinin açılmasına, təhsil şöbəsindən deyildi ki, bununla bağlı məsələ onların səlahiyyətində deyil. Əgər müraciət daxil olarsa, aidiyyəti üzrə yönləndirilə bilər.

Qeyd edək ki, rayon mərkəzindən 15 km aralıda yerləşən Leyti kəndində 80 ev mövcud olsa da, onlardan yalnız 30-da yaşayış var.

Ətraflı Baku TV-nin süjetini təqdim edirik:

BAKU.WS
VİDEO