Xəzər Dəniz Gəmiçiliyinin 158 milyon manatlıq şübhəli istiqraz əməliyyatı

Xəzər Dəniz Gəmiçiliyinin 158 milyon manatlıq şübhəli istiqraz əməliyyatı
İqtisadiyyat 163

"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin 31 dekabr 2024-cü il tarixinə bitən il üzrə konsolidə edilmiş maliyyə hesabatında istiqrazlarla bağlı mühüm məqamlar açıqlanıb.

BAKU.WS Oxu.az-a istinadən xəbər verir ki, 12 mart 2024-cü il tarixində QSC Azərbaycan Respublikası Nazirlər Kabinetinin sərəncamına uyğun olaraq, ümumi nəzarətdə olan müəssisə tərəfindən buraxılmış 158 milyon manat dəyərində istiqrazlar əldə edib. İlkin tanınma zamanı istiqrazlar ədalətli dəyərlə uçota alınıb və ədalətli dəyərlə balans dəyəri arasındakı 55 milyon 583 min manat məbləğində fərq əməliyyatın ümumi nəzarətdə olan müəssisə ilə və hökumətin göstərişi əsasında həyata keçirilməsi səbəbindən birbaşa kapitalda tanınıb.

İstiqrazların ədalətli dəyərinin müəyyən edilməsi zamanı emitentin maliyyə əmsalları və likvidliyi nəzərə alınmaqla ehtimal olunan CCC+ kredit reytinqi əsas götürülüb və bazar gəlirliliyi 17.01 faiz səviyyəsində qiymətləndirilib. Hesablamada istifadə edilən diskont dərəcəsi (gələcəkdə əldə olunacaq pul vəsaitlərinin bugünkü dəyərini hesablamaq üçün istifadə olunan faiz dərəcəsi) rəhbərliyin təxminindən 1 faiz yüksək və ya aşağı olsaydı, istiqrazların ədalətli dəyəri müvafiq olaraq 2 milyon 926 min manat azalacaq və ya 3 milyon 44 min manat artacaqdı.

Hesabat tarixinə QSC rəhbərliyi istiqrazların ilkin tanınma tarixindən etibarən kredit riskində əhəmiyyətli artımın olub-olmadığını qiymətləndirib. Müqavilə üzrə ödənişlərdə gecikmələr və emitentin maliyyə göstəricilərinin davamlı pisləşməsi nəzərə alınaraq, istiqrazlar kredit üzrə dəyərsizləşmiş aktiv kimi qiymətləndirilib və 3-cü mərhələyə (iqtisadi ədəbiyyatda defolt mərhələsi kimi xarakterizə olunur) keçirilib.

Nəticədə, "GKZ Moody`s"in illik defolt araşdırmasına əsasən, emitent üçün 100 faiz defolt ehtimalı qəbul olunub. Defolt halında zərər göstəricisi nəzərə alınmaqla hesablanan 69 milyon 623 min manat məbləğində dəyərsizləşmə zərəri, ümumi nəzarətdə olan müəssisələr arasında aparılan əməliyyatlara uyğun olaraq, birbaşa kapitalda tanınıb.

Hesabatda 158 milyon manat dəyərində istiqrazı alınan müəssisənin adına aydınlıq gətirilməyib.

Son xəbərlər