Ticarətin yeni üzü: Marketlər sosial sabitliyin və inkişafın mərkəzində

Dünya iqtisadiyyatında şəbəkə marketləri yalnız ticarət nöqtələri deyil, həm də geniş sosial və iqtisadi təsirləri olan sistemlərdir. Azərbaycan kimi inkişaf etməkdə olan bazarlarda bu tip müəssisələr, sadəcə istehlakçılara xidmət etməkdən çox, iqtisadi inkişafın mühüm elementinə çevrilib. Şəbəkə marketləri, xüsusilə orta və kiçik biznesin inkişafında, iş yerlərinin yaradılmasında və sosial inklüzivlikdə əhəmiyyətli rol oynayır.
İş yerlərinin yaradılması: Şəbəkə marketlərinin sosial və iqtisadi gücü
Şəbəkə marketləri təkcə alış-veriş mərkəzləri olmaqla qalmır, həm də işsizliklə mübarizənin ön cəbhəsində durur. Dünya təcrübəsinə baxdıqda, supermarket zəncirləri inkişaf etmiş və inkişaf etməkdə olan bazarlarda iqtisadi artımın lokomotivi kimi çıxış edir. 2020-ci il Dünya Bankı hesabatında göstərilir ki, şəbəkə marketləri inkişaf etməkdə olan ölkələrdə orta və kiçik biznes üçün əsas işəgötürənlərdən biridir.

Azərbaycanın regionlarında yaşayan qadınlar və gənclər üçün şəbəkə marketləri, xüsusilə sabit gəlirli və sosial təminatlı iş imkanları yaradır. Bakı, Gəncə, Lənkəran və digər şəhərlərdə fəaliyyət göstərən supermarketlərində işə götürülən qadınların sayı, regionda işləyən zərif cinsin nümyəndələrinə iş imkanı yaradır. Bu, yalnız iş imkanları yaratmaqla qalmır, həm də onların iqtisadi və sosial asılılıqlarını azaldır, cəmiyyətin inkişafına töhfə verir.
Qlobal təcrübəyə nəzər saldıqda, bu yanaşma Yaponiyada və Şimali Amerikada da tətbiq olunur. Məsələn, Yaponiyanın böyük supermarket şəbəkələri, bölgələrdəki qadınların və gənclərin iş bazarına inteqrasiyasını dəstəkləyən xüsusi təhsil və karyera proqramları təqdim edir. Həmçinin, Amerikada "Walmart" təxminən 2,3 milyon işçi çalışdırır ki, bunun da böyük hissəsi qadınlardır. Beləliklə, şəbəkə marketləri təkcə istehlakçıların ehtiyaclarını ödəmək deyil, həm də sosial inkişafın təkanverici qüvvəsinə çevrilir.

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, millət vəkili Vüqar Bayramov qeyd edib ki, Azərbaycanda pərakəndə ticarət dövriyyəsinin təxminən 40 faizə yaxını şəbəkə marketlərin payına düşür: "Şəbəkə marketləri bir tərəfdən kiçik orta sahibkarlığın inkişafına, digər tərəfdən isə rəqabətin gücləndirilməsinə xidmət edir. Çünki şəbəkə marketləri sifarişləri əsasən kiçik orta sahibkarlara verirlər və bu da kiçik orta sahibkarların şəbəkə marketləri ilə əməkdaşlığı və bu kontekstdən gəlir əldə etməsi anlamına gəlir. Bu eyni zamanda şəbəkə marketləri vasitəsilə mikro, kiçik və orta sahibkarlığın dəstəklənməsi deməkdir.
Digər tərəfdən şəbəkə marketi ərzaq təhlükəsizliyi baxımından vacibdir. Çünki şəbəkə marketlərinin stoklarının olması ərzaq təhlükəsizliyini təmin edir. Şəbəkə marketləri məhz birbaşa idxal imkanına malikdirlər. Stokları var və bu vasitəsilə xüsusən standartlara uyğun olan ərzağın saxlanmasını və təklif edilməsini həyata keçirirlər. Bu baxımdan ərzaq təhlükəsizliyində şəbəkə marketlərinin rolu yüksəkdir".
İnvestisiya mühitinin yaxşılaşdırılması: Şəbəkə marketlərinin təsiri
Azərbaycan iqtisadiyyatında şəbəkə marketləri yalnız yerli biznesə deyil, həm də xarici sərmayələrin cəlb edilməsinə böyük təsir göstərir. Şəbəkə marketlərinin mövcudluğu ölkəyə xarici investorların marağını artırır, çünki belə müəssisələr stabil istehlak bazarı, inkişaf etmiş infrastruktura malik, riski azaldan və proqnozlaşdırıla bilən bir mühit yaradır.
Azərbaycan iqtisadiyyatına daxil olan sərmayələrin bir hissəsi ticarət sektoruna yatırılıb. Belə ki, şəbəkə marketlərinin açılması, yeni ticarət mərkəzlərinin tikilməsi və logistika şəbəkələrinin inkişafı bunun bariz nümunəsidir. Əgər bu sahədə fəaliyyət göstərən şirkətlər öz market şəbəkəsini genişləndirirsə, bu, yalnız onların kommersiya fəaliyyətini deyil, həm də yerli bazara olan xarici sərmayələrin artmasını təmin edir.

Qlobal səviyyədə də şəbəkə marketləri investisiya üçün cəlbedici sahələrdən biridir. Məsələn, Almaniyanın "Lidl" və Fransanın "Carrefour" kimi qlobal market zəncirləri, inkişaf etməkdə olan ölkələrdə fəaliyyətə başlamaqla bu bazarlara investisiya daxil olmasına şərait yaradır. Onlar öz lokal fəaliyyətlərində yerli istehsalçılara dəstək verərək, yerli iqtisadiyyata mühüm töhfə verirlər.
Azərbaycanın xarici investorlar üçün cəlbediciliyini artırmaq məqsədilə yerli ticarət şəbəkələrinin investisiya mühitinə olan təsirini artırmaq olduqca vacibdir. Veysəloğlu Şirkətlər Qrupu, bu xüsusiyyəti öz strateji məqsədləri arasında ön planda saxlayaraq, həm yerli, həm də beynəlxalq bazarları əlaqələndirən bir körpü rolunu oynayır.
İqtisadi qanunların tətbiqi: Tələb-təklif mexanizminin şəbəkə marketlərində real işləməsi
İqtisadiyyatın ən əsas qanunlarından biri olan tələb və təklif qanunu, şəbəkə marketlərində hər gün gerçəkləşir. Bu sistem, yalnız alıcıların tələbini ödəmək üçün deyil, həm də istehsalçıları bazarın ehtiyaclarına uyğun şəkildə yönləndirmək üçün işləyir. Şəbəkə marketləri, geniş təchizat şəbəkələri və doğru stok idarəetmə sistemləri ilə bu qanunun tətbiqini real həyatda əməli şəkildə göstərir.
Milli Məclisin Əmək və sosial siyasət komitəsinin üzvü, deputat Vüqar Bayramov hesab edir ki, bəzi ölkələrdə şəbəkə marketləri, xüsusən də strateji ehtiyatların yığılmasında da iştirak edirlər: "Məsələn, İsraildə və bir sıra Avropa ölkələrində şəbəkə marketləri üçün strateji ehtiyatların saxlanması, müddətli saxlanması məcburi xarakter daşımasa da, onlar strateji ehtiyatları saxlayırlarsa və ya strateji ərzaq ehtiyatlarına malik olurlarsa, bu zaman artıq dövlət tərəfindən dəstək alırlar. Subsidiya və digər mexanizmlərdən, o cümlədən vergi güzəştlərindən yaxından istifadə etmək imkanı qazanırlar.
Düşünürəm ki, Azərbaycanda ərzaq təhlükəsizliyində məhz bu kontekstdən şəbəkə marketlərin rolunun artırılması vacibdir. Çünki ərzaq ehtiyatlarının formalaşdırılması yalnız dövlətin funksiyası deyil, həm də şəbəkə marketlərinin dəstəyi hesabına daha səmərəli şəkildə həyata keçirilə bilər. Müştəri məmnunluğu da təbii ki, vacibdir, Çünki burada çox vacib məqamlardan biri şəbəkə marketlərinin. Azərbaycanda nağdsız ödənişlərin inkişafına dəstək verməsidir. Çünki şəbəkə marketlərində müştərilər plastik kartlardan istifadə edə bilirlər. Şəbəkə mərkəzlərinin müştəri xidmətləri var. Bu da təbii ki, müştəri məmnunluğunun güclənməsinə xidmət edir".
Son illərdə müşahidə olunur ki, vətəndaşlar gündəlik ərzaq və məişət məhsullarını almaq üçün kiçik məhəllə dükanlarındansa daha çox böyük və orta həcmli marketlərə üz tuturlar. Bunun səbəbləri arasında qiymət fərqləri, daha geniş məhsul seçimi, endirim kampaniyaları və müasir xidmət imkanları göstərilir. Alıcıların seçim meyarlarını daha yaxından öyrənmək üçün müxtəlif bölgələrdən vətəndaşların fikirlərini öyrəndik:
Bakı sakini olan Aysel Qasımova qeyd edib ki, son illər daha çox böyük və ya orta marketlərə üz tutur: "Əvvəllər alış-verişi məhəlləmizdəki kiçik dükanlardan edirdim. Amma son illər daha çox böyük və ya orta marketlərə üz tuturam. Çünki burada qiymətlər daha sərfəlidir, məhsul çeşidi daha genişdir. Üstəlik, keşbek kampaniyaları var – hər alış-verişdən sonra müəyyən məbləğ geri qayıdır. Bəzən bir neçə manat da olsa, ayın sonunda toplandıqda kifayət qədər qənaət etmiş oluram. Digər tərəfdən, iri marketlərdə tez-tez endirimlər, aksiyalar keçirilir. Məsələn, '1+1' və ya '3 al, 2 ödə' kimi təkliflər kiçik dükanlarda olmur".
Gəncə sakini Murad Əliyev isə vurğuladı ki, şəbəkə marketlərindən istifadə onun üçün çox əlverişlidir: "İnsanlar niyə böyük marketlərə üstünlük verir? Çünki rahatlıq və imkan baxımından üstünlükləri çoxdur. Mənim üçün əsas üstünlüklərdən biri kartla ödəniş imkanı və keşbek sistemidir. Mobil tətbiqlərlə alış-veriş etdikdə əlavə endirim kodları da təqdim olunur. Hətta bəzi hallarda evə çatdırılma xidməti də təklif edirlər. Bütün bunlar alıcı üçün həm rahatlıq, həm də qənaət deməkdir. Kiçik dükanlar isə bu imkanlardan uzaqdır və rəqabətə davam gətirməkdə çətinlik çəkirlər."

Şəbəkə marketləri və iqtisadi gələcəyin inkişafı
Şəbəkə marketləri, yalnız ticarət zənciri deyil, sosial, iqtisadi və mədəni əlaqələrin inkişaf etdiricisidir. Onlar, cəmiyyətin müxtəlif təbəqələrini birləşdirərək sosial inklüzivlik yaradır, iş yerlərinin sayını artırır, iqtisadi qanunları işə salır və yerli biznesin böyüməsinə təkan verir. Eyni zamanda, Azərbaycanın inkişafında şəbəkə marketləri xarici sərmayələri cəlb edərək ölkə iqtisadiyyatını daha güclü və müasir edir.
Son illərdə iqtisadiyyatın şəffaflaşdırılması və sahibkarlığın inkişafı istiqamətində mühüm islahatlardan biri kimi mərkəzləşdirilmiş vergi hesabatlılığı və vergi şəffaflığının artırılması xüsusi önəm kəsb edir. Bu sistem təkcə nəzarət və monitorinq üçün deyil, eyni zamanda bizneslərin inkişaf trayektoriyasını dəstəkləyən bir mexanizm rolunu oynayır. Artıq ölkədə iri satış və xidmət şəbəkələri təkcə öz mənfəətlərini artırmağa deyil, eyni zamanda regionlardakı kiçik sahibkarlarla əməkdaşlıq qurmağa da maraq göstərir. Bu şəbəkələrin malik olduğu logistika imkanları, kiçik və orta sahibkarlar üçün bazara çıxış imkanlarını genişləndirir. Məhsulun daşınması, saxlanması, vaxtında çatdırılması və daha geniş coğrafiyada təqdim edilməsi bu infrastruktur sayəsində mümkündür.
Mərkəzləşdirilmiş vergi hesabatlılığı sisteminə keçid, həmçinin, kiçik sahibkarların fəaliyyətini daha şəffaf və hesabatlı edir. Əvvəllər qeyri-rəsmi fəaliyyət göstərən və ya tam vergi hesabatı verməyən mikro bizneslər bu sistemə daxil olaraq rəsmi bazarda yer almağa başlayırlar. Bu, onların dövlət dəstəyi almasını və maliyyə institutlarından kredit əldə etməsini asanlaşdırır. Dövlət və iri biznes strukturlarının sinxron fəaliyyət göstərməsi, kiçik sahibkarların püxtələşməsi və orta sahibkarlığa keçidi üçün əlverişli mühit yaradır. Bu keçid yalnız iqtisadi güc baxımından deyil, həm də menecment bacarıqlarının, rəqəmsal resursların və müştəri bazasının genişlənməsi baxımından əhəmiyyətlidir.
Veysəloğlu Şirkətlər Qrupu və digər şirkətlərin bu sahədəki fəaliyyətləri, yerli bazarda keyfiyyətli və sistemli inkişafın təmin olunmasında mühüm rol oynayır. Bu yanaşma yalnız bazarın dinamikasına uyğun deyil, həm də sosial məsuliyyət və iqtisadi stabilik prinsiplərini dəstəkləyir.
Son beş ilin statistik göstəricilərinə əsasən, "Araz" və "Oba" marketlər şəbəkəsinin daxil olduğu Qrupun pərakəndə satış biznesləri 1,5 dəfə böyüsə də, yerli istehsalçılar və fermerlərlə ticarət dövriyyəsi təxminən 3 dəfə artıb. Hazırda şəbəkə ilə əməkdaşlıq edən 100-ə yaxın yerli sahibkar arasında 74-ü kiçik sahibkarlıq subyektindən orta və ya iri sahibkarlıq səviyyəsinə yüksəlib, 10 orta sahibkarlıq subyekti isə artıq iri sahibkarlıq statusuna keçib.
Bu inkişafda şəbəkənin genişlənməsi əsas amillərdən biri olsa da, effektiv logistika sistemi, məhsulların düzgün planlanması və sərgilənməsi, eləcə də şəffaf hesablaşma mexanizmləri tərəfdaşlıq əlaqələrinin möhkəmlənməsində mühüm rol oynayıb.
2024-cü ildə Şirkətlər Qrupu satış nöqtələrinin sayını artırmaqla 3 500-ə yaxın yeni iş yeri yaradıb. Bununla həm məşğulluğun artırılmasına töhfə verilib, həm də dövlət büdcəsinə 163 milyon manat vergi və sosial ödəniş həyata keçirilib. Nəticə etibarilə, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən dərc olunan siyahıya əsasən, Şirkətlər Qrupu ölkənin qeyri-neft sektorunda ən iri vergi ödəyicilərindən biri kimi tanınıb.
Biznesin coğrafiyasını genişləndirmək və strateji hədəfləri reallaşdırmaq məqsədilə il ərzində 108 milyon manatdan çox investisiya yönəldilib. Bu vəsaitin 39,1 milyon manatı Niderland İnkişaf Bankı, 17 milyon manatı isə Asiya İnkişaf Bankı tərəfindən maliyyələşdirilib və bununla bağlı müvafiq maliyyə sazişləri imzalanıb.
Fermerlərin inkişafı da diqqət mərkəzində saxlanılıb: texniki dəstək məqsədilə 850 min manatlıq qrant vəsaiti təmin olunub. Həmçinin, yerli istehsalın təşviqi üçün yerli banklar vasitəsilə 31 milyon manatlıq maliyyə resursu cəlb edilib. İl ərzində 146 fermerlə 74 milyon manat, 783 yerli istehsalçı ilə isə ümumilikdə 1 226 məhsul markası üzrə təqribən 2 milyard manatlıq alış həyata keçirilib.
Orxan Hüseyn
Veysəloğlu Şirkətlər Qrupunun, Azərbaycan Mətbuat Şurasının və Ticarət Şəbəkələrinin İnkişafı İctimai Birliyinin "Orta və kiçik biznesin inkişafında pərakəndə sektorun rolu" mövzusundakı birgə müsabiqəsinə təqdim olunur.
Oxşar xəbərlər
Azərbaycanda daha bir audit şirkətinə yeni, müddətli lisenziya verilib
Auditorlar Palatası daha bir audit şirkətinə müvafiq sahə üçün yeni, müddətli lisenziya verib. BAKU.WS "Report"a istinadən xəbər verir ki, "SET FİNANCE" MMC-yə...
