"Qızılın unsiyasının qiyməti 4 500 dollara yüksələ bilər"
Yaxın aylarda dünya bazarında qızılın unsiyasının qiyməti 4 300–4 500 ABŞ dolları arasında dəyişə bilər.
BAKU.WS xəbər verir ki, bunu "Report"a açıqlamasında "Azərbaycan Zərgərlər Assosiasiyası" İctimai Birliyinin İdarə Heyətinin sədr müavini, iqtisadçı ekspert Rövşən Əmircanov bildirib.
Onun sözlərinə görə, son günlər əmtəə birjalarında qiymətli metallara maraq əhəmiyyətli dərəcədə artıb: "Hal-hazırda qızılın 1 unsiyasının dəyəri 4 200 ABŞ dolları civarında dəyişir, bu göstərici qısa intervallarda yuxarı və aşağı hərəkət edə bilər. Bu səviyyə tarixi maksimumlara yaxın hədd hesab olunur və qiymətlərin yüksəlməsi bir neçə əsas amillə bağlıdır. 2025-ci ilin sonuna doğru ABŞ Federal Ehtiyat Sisteminin faiz dərəcələrini azaltmağa başlayacağı ilə bağlı gözləntilər dolların mövqeyini zəiflədir və investorları riskdən qorunma məqsədilə qızıla yönəldir. Faiz dərəcələri aşağı düşdükcə qızıl daha cəlbedici investisiya alətinə çevrilir".
Ekspert əlavə edib ki, Yaxın Şərq daxil olmaqla müxtəlif regionlarda geosiyasi gərginliklərin davam etməsi fonunda da bazarda sabit dəyər qoruyan aktivlərə maraq güclənir: "Belə şəraitdə qızıl sabitlik təmin edən investisiya aləti kimi çıxış edir, ona olan tələbi artırır. Qiymətlərin artmasına təsir edən digər mühüm amil mərkəzi bankların qızıl ehtiyatlarını artırmasıdır. Son dövrün statistik göstəricilərinə əsasən, Çin, Hindistan, Səudiyyə Ərəbistanı, Qazaxıstan və Sinqapur qızıl alışı üzrə ən fəal ölkələr sırasında yer alır. Xüsusilə Çinin ardıcıl olaraq həyata keçirdiyi yüksək həcmli alışlar bazar dinamikasına ciddi təsir göstərir. Bir sözlə, yaxın dövr üçün qiymətləndirmələr göstərir ki, qızılın 1 unsiyasının qiyməti 4 500 ABŞ dollarına qədər yüksələ bilər. Qısamüddətli dövrdə dolların möhkəmlənməsi və geosiyasi risklərin azalması müəyyən korreksiya yarada bilsə də, orta və uzunmüddətli perspektivdə qızıl və gümüş üzrə artım meylinin davam edəcəyi gözlənilir".
R.Əmircanov vurğulayıb ki, bahalaşma yalnız qızılla məhdudlaşmır: "Gümüş fyuçerslərinin qiyməti 57–58 ABŞ dolları səviyyəsində ticarət olunaraq tarixi həddə yaxınlaşıb. Bu artım əsasən gümüşün sənayedə, xüsusilə günəş panelləri, elektromobil istehsalı, elektronika və digər yüksək texnologiyalı sahələrdə geniş tətbiqi ilə əlaqədardır. "Yaşıl enerji" keçidinin sürətlənməsi bu metala olan tələbi daha da artırır. Uzun müddətdir ki, qızıla nisbətən daha ucuz qalan gümüş hazırda investisiya fondlarının portfellərində geniş şəkildə istifadə edilir və diversifikasiya baxımından mühüm alətə çevrilir".
Oxşar xəbərlər
Bu il yığılan VERGİNİN HƏCMİ açıqlandı
Cari ilin yanvar-noyabr aylarında İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xətti ilə dövlət büdcəsinə 15 milyard 310.5 milyon manat vergi daxil ol...