Tam rəqəmsal ödənişlərdən sahibkarların cəmi bir faizdən azı istifadə edir
"Azərbaycanda sahibkarların 1%-dən azı tam rəqəmsal ödənişlərdən istifadə edir".
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, bunu "Azərbaycan Fintex Assosiasiyası" ("AzFina") İctimai Birliyinin İdarə Heyətinin üzvü Zeynal Kərimzadə Bakıda keçirilən "Azərbaycanın rəqəmsal maliyyə gündəliyi" tədbirində deyib.
Onun sözlərinə görə, hazırda ölkədə 882 min aktiv vergi ödəyicisi var:
"Onların 822 mini KOB subyektidir və bu bizneslərin böyük hissəsi gələcəkdə rəqəmsallaşacaq. Təəssüf ki, sahibkarların 1%-dən az hissəsi tam rəqəmsallaşıb. Bu, bazarda böyük inkişaf potensialının olduğunu göstərir. Post-pandemiya dövründə ödənişlərin əhəmiyyətli hissəsi kartdan-karta köçürmələr, nağd ödənişlər və elektron cüzdanlar vasitəsilə qeyri-rəsmi kanallarda həyata keçirilib", - deyə o bildirib.
Z.Kərimzadə qeyd edib ki, yaxın illərdə bu əməliyyatların daha böyük hissəsinin rəsmi və şəffaf rəqəmsal mühitə keçəcəyi gözlənilir ki, bu da fintex sektoru üçün yeni imkanlar yaradacaq.
O əlavə edib ki, bu ilin sonuna Azərbaycanda elektron ticarət dövriyyəsinin 90 milyard manatı ötəcəyi proqnozlaşdırılır.
"İlin sonuna əməliyyat məbləğinin 4.6%, əməliyyat sayının isə 10% artacağı gözlənilir. Bu isə əməliyyatların sayının artdığını, orta çek məbləğinin isə azaldığını göstərir", - deyə Z.Kərimzadə vurğulayıb.
Oxşar xəbərlər
Kredit qaydalarında YENİLİK - Məsafədən rəsmiləşmə və gözləmə müddəti kimlərə aiddir?
"Mərkəzi Bank kredit risklərinin idarə edilməsi qaydalarına dəyişiklik edib. Bu, məsafədən maliyyə xidmətləri sahəsində risklərin azaldılması və istehlakçıların...