SOCAR quyuların debitinin azalması zamanı daha qənaətcil həllərə keçir

SOCAR quyuların debitinin azalması zamanı daha qənaətcil həllərə keçir
İqtisadiyyat 40

Layların sürətlə tükənməsi Azərbaycanın əksər neft-qaz yataqları üçün əsas problem olaraq qalır.

BAKU.WS report-a istinadən xəbər verir ki, bunu "SOCAR Upstream Operation Management" MMC-nin direktorunun qazma, tamamlama və quyulara müdaxilə üzrə müşaviri Vüsal Rəcəbov Bakıda keçirilən "IADC Drilling Caspian & Black Sea 2026" konfrans və sərgisində bildirib.

Onun sözlərinə görə, lay təzyiqinin aşağı düşməsi səbəbindən quyuların debiti artıq əvvəlki göstəricilərdən xeyli aşağıdır ki, bu da xərclərə xüsusilə ölçülüb-biçilmiş yanaşma və iqtisadi cəhətdən daha səmərəli həllərin axtarışını tələb edir.

"Biz investisiyalarla bağlı son dərəcə ehtiyatlı olmalı və universal yanaşmalardan imtina edərək optimallaşdırılmış texnologiyalara üstünlük verməliyik", - müşavir vurğulayıb.

V.Rəcəbov qeyd edib ki, sənaye standartlarına və rəhbər sənədlərə uyğun olaraq bir çox obyektlərdə çınqıl süzgəclərinin (gravel pack) quraşdırılması tələb olunur. Lakin klassik çınqıl yuma texnologiyası bu cür quyuların bir çoxu üçün iqtisadi cəhətdən məqsədəuyğun deyil.

"Buna görə də biz adi həllərdən kənara çıxaraq konkret geoloji və iqtisadi şəraitə uyğunlaşdırılmış texnologiyalar tətbiq etməli oluruq", - o əlavə edib.

SOCAR xüsusilə açıq lülədə bahalı və mürəkkəb çınqıl yuma əməliyyatı əvəzinə avtonom süzgəclərin tətbiqinə başlayıb.

"Bu həll artıq praktikada öz səmərəliliyini sübut edib", - müşavir qeyd edib.

Son xəbərlər