SOCAR: Heydər Əliyev adına NEZ-in modernizasiyası ölkənin ekoloji durumunu yaxşılaşdıracaq

SOCAR: Heydər Əliyev adına NEZ-in modernizasiyası ölkənin ekoloji durumunu yaxşılaşdıracaq
Foto
İqtisadiyyat 351

1953-cü ildə əsası qoyulan SOCAR-ın Heydər Əliyev adına Neft Emalı Zavodunda hazırda modernizasiya və yenidənqurma layihəsinin 2-ci və 3-cü mərhələləri həyata keçirilir.

Azərbaycan Dövlət Neft Şirkətindən (SOCAR) BAKU.WS-ə verilən məlumata görə, layihə çərçivəsində həyata keçirilən işlər nəticəsində artıq 2021-2022-ci illərdə Azərbaycanda "AVRO-5" standartına cavab verən dizel və benzin yanacaqlarının istehsal olunması nəzərdə tutulur. 2024-2025-ci illərdə isə istehsalat həcminin 7,5 mln. tona qədər artırılması istiqamətində aparılan işlərin başa çatdırılması planlaşdırılır.

Layihənin əsas məqsədlərindən biri də Bakı şəhərində ekoloji vəziyyətin yaxşılaşdırılmasıdır. İstehsalat proseslərində, əsasən köhnə qurğuların istismarı zamanı ətraf mühit üçün bir sıra risklər yaranır və modernizasiya işləri həm də bu cür risklərin minimuma endirilməsinə imkan verəcək. Bu məqsədlə müasir və beynəlxalq standardlara cavab verən texnologiyaların tətbiqi nəzərdə tutulur.

Atmosfer havasının mühafizəsi

Modernizasiya nəticəsində ölkədə istehsal olunan yanacağın keyfiyyəti "AVRO-5" standartına çatdırılacaq ki, bu da nəqliyyat vasitələri tərəfindən atmosferə tullantıların əhəmiyyətli dərəcədə azaldılmasına xidmət edəcək. Nəzərə alsaq ki, hazırda Azərbaycanda bu tipli tullantıların 80 faizindən çox hissəsi məhz nəqliyyat emissiyası nəticəsində əmələ gəlir, zavodun modernləşməsinin ətraf mühitə töhfə verəcəyi öz-özlüyünə aydın olar.

Layihənin Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi (ƏMTQ) sənədinə görə, NEZ-də quraşdırılan yeni qurğuların və müasirləşdirilən köhnə avadanlıqların istismar olunması ilə Beynəlxalq Maliyyə Korporasiyasının (Dünya Bankı Qrupu) Neftin emalı üçün ətraf mühit, sağlamlıq və təhlükəsizlik təlimatları tətbiq ediləcək ki, bu da həm əhalinin sağlamlığının, həm də atmosfer havasının qorunması işinə müsbət təsir göstərəcək. Layihə çərçivəsində eyni zamanda təxirəsalınmaz tədbir olaraq, atmosferə atılan emissiyalara həm NEZ, həm də səlahiyyətli orqanlar tərəfindən daimi nəzarət edilməsi məqsədilə onlayn monitorinq sistemi qurulacaq. Hazırda sistemin tətbiqi ilə bağlı beynəlxalq ekspertlərlə müzakirələr aparılır və texnologiyalar araşdırılır. Bundan əlavə, yeni Məşəl qurğusunun inşa edilməsi də emissiyaların atmosfer havasına və əhalinin sağlamlığına göstərdiyi təsiri minimuma endirəcəkdir.

İstehsalat tullantı sularının müasir qurğular vasitəsilə təmizlənməsi

Zavod ərazisində müasir ekoloji tələblərə cavab verən mexaniki təmizləmə, bioloji təmizləmə və sanitar suların təmizlənməsi bloklarından ibarət yeni Çirkab Suların Təmizlənməsi Qurğusunun inşası modernizasiya layihəsinin əsas tərkib hissələrindən biridir. Hazırda tikinti meydançasında qurğunun inşa edilməsi üçün hazırlıq işləri həyata keçirilir. Qurğu üzrə istehsalçı şirkət artıq müəyyələşdirilib. Burada leysan suları üçün 2 ədəd ehtiyat su hovuzunun, həmçinin mexaniki və bioloji su hovuzlarının inşası da nəzərdə tutulub. Qurğuda çirkab suları beynəlxalq standartların tələbindən də aşağı qatılığa qədər təmizlənəcək. Tam yeni atqı xətti vasitəsi ilə istehsalat suları axın sürətinin güclü olduğu akvatoriyada böyük su həcmi ilə qarışacaq ki, bu da təmizlənmiş suların durulaşmasını təmin edəcək.

Həmçinin, qurğunun çıxışında onlayn monitorinq sisteminin quraşdırılması tələb olunan qatılığın nəzarətdə saxlanılmasını təmin edəcək.

Səs-küy səviyyəsinin azaldılması

Yaşayış zonaları üçün sanitar normalarına uyğun olaraq səs-küyün gündüz saatlarında (07:00-22:00) 65 db (A), gecə saatlarında (22:00-07:00) isə 45 db (A) olaraq təmin edilməsi üzərində işlər aparılır. Səs-küyün azaldılması və beynəlxalq standartlara uyğunlaşdırılması məqsədilə müasir qurğulardan və səs-boğuculardan istifadə ediləcək.

Tikinti zamanı yaranan torpaq tullantılarının idarə edilməsi

NEZ-in modernizasiyası və yenidənqurması layihəsi çərçivəsində sahənin hazırlanması zamanı 670 000 m3 torpaq çıxarılmış və yenidənqurma işləri üçün zavod ərazisinin təqribən 32 hektarlıq sahəsi nəzərdə tutulub.

Keçmiş “Azərneftyağ” zavodunun ərazisinin “Ağ Şəhər” layihəsinə təhvil verilməsi

XIX əsrin sonlarından fəaliyyət göstərən və vaxtilə Qara şəhərdə keçmiş Rusiya imperisyasının ən böyük neft emalı müəssisəsi olmuş "Azərneftyağ" zavodunun qurğuları və çənləri demontaj olunaraq, ərazisi yaxın zamanda “Ağ Şəhər” layihəsinə təhvil veriləcək.

Xatırladaq ki, SOCAR-ın Heydər Əliyev adına Neft Emalı Zavodu regionun yeganə neftayırma kompleksidir və Azərbaycanın yanacağa olan tələbatının əsas hissəsini təmin edir. Zavodda 15 adda neft məhsulu, o cümlədən avtomobil benzini, təyyarə yanacağı, dizel yanacağı, mazut, neft koksu və s. istehsal olunur.

Son xəbərlər