SOCAR-dan benzinin qiymətinin ucuzlaşması iddiasına rəsmi cavab
SOCAR son günlər KİV-də Azərbaycanın Nazirlər Kabinetinin benzinlə bağlı qəbul etdiyi qərarları ilə əlaqədar müəyyən anlaşılmazlıqlara aydınlıq gətirib.
SOCAR-dan BAKU.WS-ə verilən məlumatda qeyd edilir ki, adı çəkilən sənədlər SOCAR-ın müraciəti əsasında Heydər Əliyev adına Neft Emalı Zavodunda və "Azərikimya” İstehsalat Birliyində həyata keçirilən modernizasiya proqramı çərçivəsində zavodun təmirə dayanması ilə əlaqədar qəbul edilib.
"Adətən 25-30 təqvim günü ərzində davam edən təmir prosesinin bu dəfə modernizasiya işləri ilə bağlı bir qədər uzun çəkə biləcəyi nəzərə alınıb. Qeyd edək ki, təmirdən əvvəl H.Əliyev adına NEZ-də istehsal olunan Aİ-92 markalı benzin ölkənin daxili tələbatını tam ödəyir və müəyyən ehtiyat yaranmasına da imkan verirdi. Avqust ayının 16 gününə olan məlumata əsasən, ölkə üzrə orta günlük istehlak 3 900 ton təşkil edib və bütün bu həcm yaranmış ehtiyat hesabına ödənilib. Hazırda 8-10 günlük ehtiyat da mövcuddur. Bu müddətdən sonra NEZ-də yığılan ehtiyatın bazar tələbatını ödəyə bilməyəcəyi nəzərə alınaraq, SOCAR Nazirlər Kabinetinə daxili bazar tələbatını təmin etmək üçün idxal olunacaq Ai-92 markalı benzinin gömrük rüsumu və aksiz vergisindən azad edilməsi haqqında müraicət edib”.
Məlumatda qeyd edilir ki, SOCAR-ın xahişi NEZ-in təmiri dövründə SOCAR-ın maliyyə itkilərinin minimallaşdırılması məqsədi daşıyıb: "Çünki daxili bazarda benzinin qiyməti dövlət tərəfindən tənzimlənir və bu qiymətlər sabit qalacaq. İdxal olunan benizinin qiyməti isə neftin dünya bazarındakı qiymətlərindən asılı olaraq gündəlik dəyişir. Beləliklə, Nazirlər Kabinetinin 16 avqust 2016-cı il tarixli Sərəncamı və göstərilən qərarları daxili bazarda sabitliyin qorunmasına və yanacaq təchizatında problem yaranmamasına xidmət edir. Yaxın 3-4 gün ərzində 4 000 ton həcmində idxal benzini respublikaya gətiriləcək. H.Əliyev adına NEZ-də istehsalat prosesi bərpa olunana qədər bu iş davam etdiriləcək və ölkəyə benzin idxalı həyata keçiriləcək. Zavod işə düşdükdən sonra isə idxal dayandırılacaq.
Şahin Həbibov
BAKU.WS
Oxşar xəbərlər
Azərbaycanda benzin ucuzlaşacaq?
Nazirlər Kabinetinin ötən gün "Azərbaycan Respublikasının ərazisinə gətirilən aksiz vergisinə cəlb olunan malların aksiz dərəcələrinin təsdiq edilməsi haqqında"...