SOCAR dəniz qurğularında qaz turbinlərini elektrik kompressorları ilə əvəz edəcək

SOCAR dəniz qurğularında qaz turbinlərini elektrik kompressorları ilə əvəz edəcək
İqtisadiyyat 37

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) dəniz qurğularında qaz turbinlərini elektrik kompressorları ilə əvəz edəcək.

BAKU.WS "Report"a istinadən xəbər verir ki, bunu SOCAR-ın vitse-prezidenti Əfqan İsayev "Bakı İqlim Fəaliyyəti Həftəsi 2026 (BCAW 2026)"da bildirib.

"Energetika Nazirliyinə və bu təşəbbüsə rəhbərlik edən ötürücü sistem operatorumuza minnətdarıq. Onlarla xüsusi enerji mübadiləsi ("swapping") barədə razılığa gəldik. Bu da bizə elektrikləşdirmə prosesində kömək edəcək.

Məhz bu məqsədlə yeni yarımstansiya tikilib. Hökumətin, bütün tərəfdaşların və ötürücü sistem operatorunun tam dəstəyi bunu mümkün edib. Gələn il bu obyektə ilk enerjinin verilməsi mərasimi keçiriləcək. Bu, hələ başlanğıcdır. Bundan sonra texniki operatorla sıx əməkdaşlıq çərçivəsində dəniz qurğularımızı kabel vasitəsilə bir-birinə bağlayacağıq, qaz turbinlərini çıxarıb onları elektrik avadanlıqları, məsələn, elektrik ötürücülü kompressorlarla əvəz edəcəyik", - o vurğulayıb.

Ə.İsayev əlavə edib ki, GE, "Baker Hughes" və bir çox digər şirkətlər hazırda elektrik kompressorları istehsal edir: "Gələcəkdə mərkəzi kompressor stansiyaları üçün də müəyyən planlar var. Onların hər birində bu məqsədlər üçün elektrik kompressorlarından istifadə olunacaq. Qeyd etmək istərdim ki, hazırda enerji səmərəliliyi son dərəcə vacibdir.

Buna görə də bu proses bərpa olunan enerji istehsalı ilə paralel şəkildə həyata keçirilməlidir. SOCAR tərəfdaşları ilə birlikdə günün 24 saatı işləyə bilən obyektlər üzərində çalışacaq. Burada məqsəd bərpa olunan enerjinin batareya enerji saxlanc sistemləri ilə birlikdə 24 saat ərzində fasiləsiz enerji təmin etməsidir".

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər