“Silk Way Airlines” aviaşirkəti Bakıdan Cibutiyə ilk yük aviareysini yerinə yetirib
"Silk Way Airlines” aviaşirkəti Bakıdan Cibutiyə ilk yük aviareysini yerinə yetirmişdir. Bu, hər iki ölkə arasında hər həftə müntəzəm reyslərin yerinə yetirilməsi üzrə böyük proqramın həyata keçirilməsinin başlanğıcı oldu. Bununla da, Şərqi və Mərkəzi Afrika ölkələri Azərbaycana öz qapılarını açdı.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən bu reys ilə Cibuti Respublikasına ümumi çəkisi təxminən 76 ton olan ərzaq məhsulları və içməli sudan ibarət humanitar yardım çatdırılmışdır.
Eyni zamanda ilk reys vasitəsilə Azərbaycan istehsalçılarının "Made in Azerbaijan" brendi altında 30 ton məhsulları göndərilmişdir. Xüsusilə, aşağıdakı Azərbaycan istehsalçılarının - Gilan Holding, Gazelli Group və Azersun Holding şirkətlər qrupu, Aznar QSC, Az-Granata MMC, Delta Group, Şami Keci Fermasi MMC, Xurcun və digər şirkətlərin məhsulları göndərilmişdir.
Azərbaycan məhsullarının yeni bazarda təqdimatı iki ölkə arasında qarşılıqlı ticarət əlaqələrinin başlanması və ticarət dövriyyəsinin artırılması üçün böyük stimul olacaq.Azərbaycan və Cibuti arasında müntəzəm uçuşların başlaması iki ölkə arasında ikitərəfli iqtisadi əlaqələrlə yanaşı, siyasi və mədəni əlaqələrin inkişafına da töhfə verəcəkdir.
Bundan əlavə, Azərbaycan və Cibuti arasında mülki aviasiya sahəsində iki protokol imzalanmışdır. Sənədləri Azərbaycan tərəfdən "AZAL"-ın Prezidenti Cahangir Əsgərov, Cibuti tərəfdən isə ölkənin Mülki Aviasiya Administrasiyasının rəhbəri Almis Mahmud Haid və "Air Djibuti"-nin icraçı direktoru Əbubəkir Ömər Hadi imzalamışdır.
Sənədlər İCAO-nun tələblərinə uyğun Cibuti Mülki Aviasiya Administrasiyasının normativ və requlyativ sənədlərinin hazırlanmasında Azərbaycanın köməyi, eləcə də bu ölkə üçün mülki aviasiya sahəsində mütəxəssislərin hazırlanmasını nəzərdə tutur.
Qeyd edək ki, bundan öncə fevral ayında Azərbaycan və Cibuti Respublikası arasında mülki aviasiya sahəsində əməkdaşlıq haqqında hökumətlərarası saziş imzalanıb.
BAKU.WS
Oxşar xəbərlər
"Silk Way Airlines" hava gəmiləri parkına daha bir "Boeing 747-8F" yük təyyarəsi əlavə edib
Aprelin 7-si, cümə günü Heydər Əliyev Beynəlxalq Hava Limanında Azərbaycanın yük aviaşirkəti "Silk Way Airlines"-a məxsus yeni "Boeing 747-8F" təyyarəsinin gət...