Samanta Qross: "COP29-da iqlim dəyişikliyinə maliyyə ayrılması üçün yeni hədəflər qoyulmalıdır"
Bakıda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iqlim dəyişikliyinə maliyyə ayrılması üçün yeni hədəflər qoyulmalıdır.
BAKU.WS xəbər verir ki, bunu "Report"a açıqlamasında "Brookings" İnstitutunun Enerji Təhlükəsizliyi və İqlim Təşəbbüsünün direktoru Samanta Qross deyib.
O bildirib ki, hər kəs iqlim maliyyəsi barədə düşünür: "Mən, həmçinin Bakıda danışıqlar otağından kənarda baş verənləri də düşünmək istəyirəm. Danışıqlar hər zaman çox çətin olur. COP prosesi əsasən yekdilliyə əsaslanır, lakin son vaxtlar COP-da baş verənlərin əksəriyyəti danışıqlar otağından kənarda, sərgi zallarında baş verir. Burada insanlar bir araya gəlir, müqavilələr bağlayır və inkişaf istiqamətlərini müzakirə edirlər. Mən danışıqlar otağından iddialı bir maliyyə hədəfinin açıqlanmasını gözləyirəm. Həmçinin paralel olaraq Qlobal Metan Öhdəliyi kimi anlaşmalar və ya İndoneziya və Cənubi Afrika kimi ölkələrlə karbon qazının azaldılmasına dair razılaşmaları da görmək istəyirəm. Bu kiçik paralel sövdələşmələr həqiqətən vacibdir və tərəqqiyə töhfə verir".
S.Qross qeyd edib ki, təmsil etdiyi qurumun konkret gündəmi yoxdur, lakin Paris Sazişinin ümumi məqsədlərini dəstəkləyirlər: "Təhlükəsiz enerjini insanlar, iqtisadiyyat üçün təmin edəcək enerji keçidi istəyirik. Bu, bizim əsas hədəflərimizdəndir. Bərpa olunan enerji bu keçidin tam mərkəzindədir. Biz etməli olduqlarımıza nəzər saldıqda alternativ enerjidən mümkün qədər çox istifadə etmək istəyirik. Həmçinin külək və günəş enerjisinin fasilələrlə işləməsi məsələsini həll etməliyik. Ancaq bu resurslar bizdən yox, təbiətdən asılıdır. Yenə də hazırda bu enerjilər ən ucuz elektrik mənbələri arasındadır və enerji keçidinin mərkəzindədir".
Onun sözlərinə görə, enerji keçidini sürətləndirmək üçün ən mühüm vasitələrdən biri özəl sektordan kapitalın cəlb edilməsidir: "Özəl sektordan kapitalın cəlb edilməsi COP29-un enerji maliyyələşdirmə hədəflərinə nail olmaq üçün çox vacibdir. Aşağı faizli maliyyələşdirmə və ya yardım maliyyəsi kimi mənbələrdən gələn məbləğlərə nəzər salsaq, bunun enerji keçidi üçün tələb olunan kapitalın ümumi məbləği ilə müqayisədə çox kiçik olduğunu görərik. Ona görə də bu yardımları investisiya risklərin azaltmaq, faiz dərəcələrinin aşağı salmaq, layihələri banklar üçün daha maraqlı etmək və özəl kapitalı cəlb etmək üçün istifadə etməliyik. Əsl kapitalın mənbəyi özəl sektorda olduğu üçün bu çox vacibdir".
Bərpa olunan enerji mənbələrinin uzunmüddətli təsirlərindən söz açan Enerji Təhlükəsizliyi və İqlim Təşəbbüsünün direktoru diqqətə çatdırıb ki, ABŞ bu gün dünyanın ən böyük neft və təbii qaz istehsalçısıdır və bu, bir müddət belə qalacaq: "Bununla belə, "yaşıl layihə"lər çox olduqda və "yaşıl enerji"dən istifadə artıqda neft və təbii qaz hasilatını azaldacağıq. Amma hələlik biz bu resurslardan istifadə etməyə davam edəcəyik. Çünki onlara hələ də ehtiyacımız var və onlar hələ də iqtisadiyyatımıza mühüm töhfələr verirlər".
Oxşar xəbərlər
Azərbaycan neftinin qiyməti 75 dolları keçib
Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 1,11 ABŞ dolları, yaxud 1,49 % artaraq 75,37 ABŞ dolları təşkil edib. BAKU.WS xəbə...