Ərəb və iranlı turistləri bayramda niyə “yoxa” çıxdılar? - SƏBƏBLƏR

Ərəb və iranlı turistləri bayramda niyə “yoxa” çıxdılar? - SƏBƏBLƏR
İqtisadiyyat 7611

Azərbaycan turizminin ən önəmli problemlərindən biri də yüksək qiymətlərdir. Sanki turizm dedikdə yalnız imkanlı təbəqə və onların həyat şərtləri nəzərdə tutulur. Orta və kasıb təbəqəni əhatə edən turizm şərtləri yox dərəcəsindədir. Bunun nəticəsidir ki, son zamanlar paytaxt Bakıda turistlərin sayı artıq əvvəlki qədər çox nəzərə çarpmır. Xüsusən də ərəb turistlərə daha az rast gəlinir. Adətən Yeni il, Novruz bayramı kimi özəl günlərdə əyləncə məkanlarının, kafe və restoranların vazkeçilməz qonaqları ərəb və iranlı turistlər idisə, bu dəfə onlara daha az rast gəlindi. İrandan gələn turistlərə bu il az rast gəlinməsinin səbəbi kimi sözügedən ölkənin sanksiyalara məruz qalması göstərilir. Ərəb turistlərin sayının getdikcə azalmasının səbəbləri arasında qiymətlərin getdikcə artması faktı da yer alır. Belə ki, Azərbaycanın bəzi regionlarında beşulduzlu hotellərdə Yeni il gecəsi keçirmək hətta Parisdə bu bayramı qeyd etməkdən baha başa gəlir. Məsələn, “Şamaxı Palace Hotel”də 2 nəfər üçün 1 gecəlik qonaqlama, 3 dəfə yemək və əyləncə 1000 manatdan baha başa gəlir. Hətta bəzi daha mənzərəli lüks nömrələrdə bu qiymət 1500 manatı da ötür. “Marxal” hoteldə, “Şahdağ” hoteldə də Yeni il gecəsi qiymətlər 1000 manatdan yüksək olub. “Şahdağ” hoteldə mənzərə zalının 1 gecəsi 1348 manata, Parisdə Yeni ili qarşılamaq isə 950 manata başa gəlir.

BAKU.WS xəzər verir ki, Turizm Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Kənan Quluzadə də “Yeni Müsavat” a açıqlamasında bildirdi ki, Turizm Agentliyi qiymətlərin formalaşmasında iştirak etmir: “Bazar iqtisadiyyatında qiymətlər özəl şirkətlər tərəfindən müəyyənləşdirilir. Biz dövlət qurumu olaraq buna müdaxilə etmirik. Əlbəttə, tövsiyələrimiz var ki, qiymətlər daha münasib olmalıdır, bütün büdcələrə uyğun olmalıdır. Hami istər ki, qiymətlər daha əlverişli olsun. Ancaq buna inzibati qaydada müdaxilə edə bilmərik. Bizim əsas vəzifəmiz sağlam rəqabət mühiti yaratmaqdır”.

Turizm eksperti Çingiz İsmayılov da “Yeni Müsavat”a açıqlamasında vurğuladı ki, turizm obyektləri özəl sektora məxsusdur, qiymətləri də onların müəyyən edirlər: “Bazar iqtisadiyyatı şəraitində hamının məqsədi daha çox gəlir əldə etməkdir. Əgər belə bir qiymət müəyyənləşdiriblərsə və insanlar o hotellərə gəlirsə, deməli, düz edib həmin qiymətləri qoyublar. Yox, əgər insanlar həmin hotellərə getməkdən imtina edirlərsə, deməli, həmin sahibkar müflis olacaq. Bu, bazar iqtisadiyyatının qanunudur. Bazar iqtisadiyyatı şəraitində qiymətlərlə bağlı həddi müəyyənləşdirmək düzgün deyil. Hər hansı obyekti tikən sahibkarın məqsədi gəlir əldə etməkdir. Əgər yüksək qiymət olduğuna görə tələbat az olsa və sahibkar qazanmasa, özü həmin obyekti bağlayacaq. Yox, əgər o hotellər illərdir işləyirsə, deməli, tələb var. Mən sovet dövründəki kimi tənzimləyici mexanizm qurmağın tərəfdarı deyiləm. Əgər insanların alıcılıq qabiliyyəti yoxdursa, o gedib orada qalmayacaq. Tələbat var və biznesmen də qiyməti artırır. Ancaq bununla paralel olaraq aşağı təbəqə üçün də imkanlar yaradılmalıdır. Dövlət tərəfindən də bu məsələ müzakirə olundu ki, bölgələrdə istirahət guşələrində üçulduzlu hotellər yaradılsın. Xaricdən gələn turistlərin sayının azalması isə bir neçə faktorla bağlıdır. Buna qiymətlər, xidmət səviyyəsi, əyləncə və qidalanma ilə bağlı çeşidliliyin olması daxildir”.

İqtisadçı ekspert Rəşad Həsənov isə yüksək qiymətlərin uzunmüddətli dövrdə ölkə turizminin inkişafına maneə yaratdığını vurğuladı: “Qiymətlər bazarda formalaşır. Əgər baha qiymət təklif edən hotel və restoranlara tələbat olmasaydı, onlar məcbur qalıb endirim edəcəkdilər. Bu baş verməyibsə, deməli, tələbat var. Ümumilikdə isə bu sektorda fəaliyyət göstərən müəssisələrin faktiki qazanc götürmə cəhdləri hiss olunmaqdadır. Yəni uzunmüddətli strategiya yoxdur və qiymət siyasəti də bunun əsasında formalaşmır. Son nəticədə bu, uzunmüddətli dövrdə Azərbaycana turist axınının həcminə mənfi təsir göstərməklə yanaşı, həmin sahibkarların işinə də mənfi təsir göstərir. Ancaq əsas məsələ bazarda tələb və təklif əsasında qiymətlərin formalaşmasıdır. Qiymətləri baha edən faktorlar rəqabətin zəif olması və xidmətləri təklif edən müəssisələrin sayının az olmasıdır. Tələbatın müəyyən dövrdə yüksək olması da qiymətlərin qısa müddətdə kəskin qalxması ilə nəticələnir. Bəzən də qiymət dəfələrlə bahalaşır. Hökumətin əlində olan alətlərdən biri də təşəbbüsləri dəstəkləməsi və təşviq mexanizmlərinin dövriyyəyə daxil edilməsidir. Turizmlə bağlı ölkəmizin strateji hədəfləri var, yeni qurumlar yaradılıb. Dövlət proqramı yaradılıb.

Bu istiqamətdə müəyyən işlər görülüb. Bütün bunlara baxmayaraq, hazırda sektora investisiya axını yoxdur, yeni investisiya qoyuluşları müşahidə edilmir. Müxtəlif bölgələrdə turizm cəlbediciliyinin paralel şəkildə artırılması ilə bağlı proqramların həyata keçirilməsinə ehtiyac var. İnvestisiya qoyuluşları artarsa, müəssisələrin sayı artarsa, rəqabət çoxalarsa, tələb və təklif arasındakı disbalans azalarsa, biz bu qədər qiymət artımı görmərik. Həm də turizm sektorunda qiymətlər əlçatan olar. Bu, həm yerli əhalinin turizmdən istifadə imkanlarını artırar, həm də Azərbaycan region ölkələri ilə bu sahədə rəqabətə girə bilər. Azərbaycanın turizm sektoru Gürcüstan və Türkiyə ilə rəqabət apara bilmir. Manatın devalvasiyası bir qədər bu sahədə canlanma yaratdı. Xüsusilə də Körfəz ölkələri ilə viza prosedurlarının sadələşdirilməsi turizmin canlanmasına xüsusilə təkan verdi. Ancaq sektorda digər istiqamətlərdə də fəaliyyətin artırılmasına, müəssisələrin sayının artmasına, xidmətlərin çeşidinin və miqdarının artmasına ehtiyac var. Dövlət bu sahəyə investisiya qoyuluşlarına diqqət artırmalı və rəqabəti dərinləşdirməlidir ki, ölkə turizminin inkişafına maneə yaradan məqamlar ortaya çıxmasın.

BAKU.WS

Son xəbərlər