Prezident: "Gələn ilin büdcəsi sosial yönümlü olacaq"

Prezident: Gələn ilin büdcəsi sosial yönümlü olacaq
İqtisadiyyat 963
"İlin sonuna üç aydan az vaxt qalır. Əminəm ki, biz ilin sonuna qədər nəzərdə tutduğumuz bütün işləri görəcəyik, o cümlədən Dövlət İnvestisiya Proqramı tam icra ediləcəkdir. Mənə bu yaxınlarda məruzə edildi, Dövlət İnvestisiya Proqramının icrası ilə bağlı vəziyyət yaxşıdır".Bu fikirləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 9-da Nazirlər Kabinetinin 2018-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında bildirib.Dövlət başçısı qeyd edib ki, cədvəl üzrə nəzərdə tutulmuş bütün layihələr icra edilir: "Bir neçə ay bundan əvvəl biz büdcəyə dəyişiklik etdik. Çünki əlavə vəsait daxil edildi. Hesab etdik ki, bu il görülə biləcək işlərin icrası üçün əlavə vəsait ayıraq, o cümlədən sosial məsələlərin həlli üçün. Dürüstləşmə edildi və büdcəmizin həcmi artırıldı. Bu, özlüyündə bir göstəricidir, onu göstərir ki, bizim maliyyə vəziyyətimiz daha da yaxşılaşır. Elə imkanlar yaranıb ki, biz il ərzində büdcəyə dəyişiklik edərək büdcəmizin həcmini artıra bilərik. Dünya miqyasında belə hallara çox da tez-tez rast gəlinmir. Azərbaycan iqtisadiyyatı istənilən dövrdə öz dayanıqlılığını nümayiş etdirir. Hətta bir neçə il bundan əvvəl dünyanı bürümüş maliyyə-iqtisadi böhranının ikinci dalğası dövründə də Azərbaycan iqtisadiyyatı dayanıqlılığını təmin etmişdir.Gələn ilin büdcəsi ilə bağlı ilkin məruzələr edildi. Gələn ilin büdcəsi həm investisiyayönümlü, həm də sosialyönümlü olacaqdır. Bütün sosial layihələr icra ediləcək. Eyni zamanda, dövlət kapital qoyuluşu üçün kifayət qədər vəsait də nəzərdə tutulur. Əsas məsələ ondan ibarətdir ki, biz bu vəsaitdən səmərəli şəkildə istifadə edək, ölkə qarşısında duran əsas məsələlərin həllini təmin edək, prioritetləri düzgün seçək. Dövlət İnvestisiya Proqramımız iqtisadiyyatın real sektoruna xidmət göstərməlidir, eyni zamanda, bu günə qədər öz həllini tapmayan infrastruktur layihələrinin icrasına da istiqamətləndirilməlidir".BAKU.WS

Son xəbərlər