Orxan Nəzərli: "Biz istəyirik ki, sahibkar vaxtını bəyannamələrin doldurulmasına deyil, fəaliyyətinə yönəltsin"
"Bu, həqiqətən də belədir və mən bunu anlayışla qarşılayıram. Lakin kameral vergi yoxlamalarının digər vergi nəzarəti tədbirlərindən əsas fərqi ondan ibarətdir ki, burada sanksiya tətbiq olunmur".
BAKU.WS xəbər verir ki, bunu Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) və REAL Televiziyasınıa müsahibəsində İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəisi Orxan Nəzərli deyib.
Onun sözlərinə görə, əgər hər hansı biznes subyekti və ya sahibkar vergi öhdəliklərinin icrası zamanı bilməyərəkdən müəyyən uyğunsuzluğa yol veribsə, həmin məsələ kameral təhlil nəticəsində müəyyən olunur və vergi ödəyicisinə müvafiq bildiriş göndərilir:
"Həmin bildirişdə hansı məqamların aradan qaldırılması və ya izah olunması tələb edilir. Vergi ödəyicisi təqdim etdiyi izahlar əsasında zəruri hallarda bəyannamədə müvafiq düzəlişlər aparır.
Bir rəqəmi qeyd etmək istərdim. İl ərzində vergi orqanlarına təxminən 3 milyona yaxın bəyannamə təqdim olunur. Biz kameral nəzarət prosesinə daha çox erkən xəbərdarlıq və preventiv nəzarət mexanizmi kimi yanaşırıq.
Burada əsas məqsədlərimizdən biri biznes subyektlərinin vergi öhdəliklərinə əməl etməsini mümkün qədər sadələşdirmək və bunun üçün sərf olunan vaxtı azaltmaqdır. Biz istəyirik ki, sahibkar vaxtını bəyannamələrin doldurulmasına deyil, əsas fəaliyyətinə – biznesinin inkişafına və gəlir əldə etməsinə yönəltsin, vergi öhdəliklərini isə onun üçün əlavə yük yaratmadan rahat şəkildə yerinə yetirsin.
Bu məqsədlə 2025-ci ilin dördüncü rübündən etibarən sadələşdirilmiş vergi ödəyiciləri üzrə bəyannamələrin əvvəlcədən doldurulması – prefilling mexanizminin tətbiqinə başlanılıb. Bu mexanizm o deməkdir ki, vergi orqanlarında mövcud olan məlumatlar əsasında vergi ödəyicisinin bəyannaməsi ilkin olaraq sistem tərəfindən hazırlanır. Yəni bəyannamədəki müvafiq sətirlər vergi orqanının məlumatları əsasında doldurulur və vergi ödəyicisi yalnız həmin məlumatları yoxlayaraq təsdiq edir. Beləliklə, o, bəyannaməni sıfırdan hazırlamaq zərurətindən azad olunur".
Orxan Nəzərli əlavə edib ki, hazırda bu mexanizmin daha da təkmilləşdirilməsi və digər vergi ödəyicilərinə, xüsusilə ƏDV ödəyicilərinə də tətbiqi istiqamətində işlər aparılır:
"Çünki kameral nəzarət zamanı yaranan əsas sualların böyük hissəsi məhz ƏDV ödəyiciləri ilə bağlı olur.
Bundan əlavə, biz əvvəllər müşahidə etmişdik ki, bəzi hallarda sahibkarlarla vergi orqanları arasında müəyyən anlaşılmazlıqlar yaranır. Sahibkarlar bildirirdilər ki, təqdim etdikləri izahlara vergi orqanları tərəfindən lazımi qaydada münasibət bildirilməyib və ya həmin izahlara tam baxılmayıb.
Bu məsələ ilə bağlı daxili texniki həllər tətbiq olunub. Mart ayından etibarən artıq daxil olmuş izahlara vergi orqanının əməkdaşı tərəfindən münasibət bildirilmədən vergi hesablamasının aparılması mümkün deyil. Düşünürəm ki, bu yanaşma sahibkarların narahatlıqlarını tam aradan qaldırmasa da, əhəmiyyətli dərəcədə azaldacaq.
Kameral hesablamalarla bağlı yalnız vergi nəzarəti mexanizmləri deyil, eyni zamanda, inzibati şikayət mexanizmləri də mövcuddur. Əgər kameral hesablama aparılıbsa, sahibkarların vergi orqanına inzibati qaydada müraciət etmək hüququ var.
Bundan başqa, Dövlət Vergi Xidmətinin Vergi Ombudsmanı fəaliyyət göstərir və sahibkarlar həmin mexanizm vasitəsilə də müraciətlərini təqdim edə bilərlər. Həmçinin İqtisadiyyat Nazirliyi yanında Apelyasiya Şurasına da müraciətlər daxil olur.
Ən çox istifadə olunan mexanizm inzibati şikayət mexanizmidir. Burada bir göstəricini qeyd edə bilərəm ki, daxil olan şikayətlərin təxminən 60 faizinə yaxın hissəsi müsbət həll olunur. Bu zaman ya bəyannamələrdə müvafiq dəqiqləşdirmələr aparılır, ya da vergi orqanlarının mövqeyinin əsaslı olduğu müəyyən edilir. Biz bu proseslər vasitəsilə hansı sahələrdə boşluqların və ya çətinliklərin olduğunu təhlil edir, gələcəkdə həmin problemlərin aradan qaldırılması üçün həm inzibatçılıqda, həm də qanunvericilikdə müvafiq dəyişikliklər təklif edirik".
Oxşar xəbərlər
Orxan Nəzərli: İqtisadiyyat artsa da, vergi daxilolmaları daha yüksək templə yüksəlib
"Dövlət büdcəsi əsasən iki mənbədən – neft-qaz və qeyri-neft-qaz gəlirlərindən formalaşır. Son illər neft-qaz gəlirlərinin dövlət büdcəsində xüsusi çəkisinin az...