Neftin ucuzlaşması iqtisadiyyatın şaxələndirilməsini daha da sürətləndirir
Yeniliklərdən dərhal xəbərdar olun
Son günlər dünyada baş verən siyasi və iqtisadi böhran özünü neftin qiymətində göstərir.
BAKU.WS xəbər verir ki, neftin dünya bazarında ucuzlaşması Azərbaycan neftinə də təsirsiz ötüşməyib.
Bu hal Azərbaycan iqtisadiyyatının şaxələndirilməsinin sürətləndirilməsinə səbəb olan amillərdəndir. Ekspertlər də hesab edirlər ki, ölkənin əsas iqtisadi siyasəti qeyri-neft siyasətidir.
İqtisadçı ekspert Vüqar Bayramov BAKU.WS-ə açıqlamasında bildirib ki, bazar ertəsi dünya neft bazarında müşahidə edilən böhrandan sonra neftin qiyməti ötən 2 gündə müəyyən qədər stabilləşib.
“Düzdür, əvvəlki günlərlə müqayisədə qara qızılın qiyməti xeyli aşağıdır. Hazırda neftin hər barelinin qiyməti 38 dollar ətrafında dəyişir. İndi qiymətlərdə müəyyən qədər stabilləşmə müşahidə olunur.
Daha sonra ABŞ-da şist neft istehsal edən quyuların dayanması ilə bağlıdır. Belə ki, bu quyuların fəaliyyətinin dayandırılması Birləşmiş Ştatlar istehsalına təsir göstərir.
Neftin dünya bazar qiymətinin aşağı səviyyədə qalması Azərbaycan üçün qeyri-neft sahəsinin inkişafı məsələlərini daha da aktuallaşdırır.
Düzdür, 2014-cü ildən etibarən biz qeyri-neft sektorunun inkişafı ilə bağlı fəaliyyətini daha sistemli həyata keçirməsini müşahidə edirik.
2019-cu ildə iqtisadiyyatın leqallaşdırılması Dövlət Büdcəsinə əlavə 1 milyard manat vəsaitin daxil olmasına imkan verdi.
2020-ci ilin ilk iki ayında qeyri-neft sənayesində 20 faizdən artıq artım qeydə alınıb. Ümumi Daxili Məhsulda 6,5 faiz artım olub”, - deyə ekspert bildirib.
V.Bayramov deyir ki, xüsusən qlobal şokların aktiv olduğunu nəzərə alsaq, hökumət üçün əsas prioritet idxaldan asılılığın aradan qaldırılması və idxalın minimumlaşdırılmasıdır:
“Xüsusən də ərzaq məhsullarına olan tələbatın yerli istehsal hesabına ödənilməsidir. Düşünürəm ki, 2020-ci il bu baxımdan Azərbaycan üçün vacib illərdən olacaq.
Son açıqlamalar da göstərir ki, islahatların dərinləşməsilə bağlı, həm də bütövlükdə qeyri-neft sektorunun inkişafı ilə bağlı yeni proqramların həyata keçirilməsi nəzərdə tutulur.
Bunlar həm iqtisadi, həm də sosial proqramlardır.
Məqsəd də ondan ibarətdir ki, neftin dünya bazar qiymətinin aşağı səviyyədə qalması və gələcəkdə xarici bazarlarda baş verən şokların Azərbaycan iqtisadiyyatına təsirlərini minimumlaşdırmaq mümkün olsun.
Təbii ki, bu, zaman tələb edən bir prosesdir. Strateji yol xəritəsi bu qəbildən hesablanmış planlaşdırmalardan biridir.
Artıq yeni qlobal çağırışlar fonunda daxili bazarın, daxili istehsalın genişləndirilməsi daha da prioritetdir.
Güman edilir ki, 2020-ci ilin növbəti aylarında da iqtisadi islahatlara geniş yer veriləcək. Xüsusən də yerli istehsalın inkişafına daha da önəm veriləcək”.
Oxşar xəbərlər
Bakıda əhalinin dollara tələbatının səbəbi nədir? - FOTO
Dünya bazarında neftin kəskin ucuzlaşması neft ölkələrinin valyutalarına mənfi təsir etməyə başlayıb. BAKU.WS FED.az-a istinadla xəbər verir ki, artıq qonşu Rus...