Nazir: Gələn il DSMF əhaliyə builikindən 8 milyard manatdan çox vəsait ödəyəcək

Nazir: Gələn il DSMF əhaliyə builikindən 8 milyard manatdan çox vəsait ödəyəcək
İqtisadiyyat 49

Gələn il Dövlət Sosial Müdafiə Fondu (DSMF) əhaliyə builikindən 8 milyard manatdan çox vəsait ödəyəcək.

BAKU.WS xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev Milli Məclisdə "Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı deyib.

Nazirin sözlərinə görə, Fondun 2026-cı il üzrə ümumi xərclərinin 8 milyard 483 milyon manat həcmində olması proqnozlaşdırılır ki, bunun da 96,6% və ya 8 milyard 196 milyon manatı əhaliyə ödənişlərin payına düşür.

A.Əliyev qeyd edib ki, bu göstərici 2024-cü illə müqayisədə 1 milyard 534 milyon manat, 2025-ci illə müqayisədə isə 788 milyon manat çoxdur:

"Bu məbləğin 7 milyard 993 milyon manatı əmək pensiyalarının, 203,6 milyon manatı isə sosial sığorta hesabına verilən müavinət xərclərinin payına düşür.

Gələn il əmək pensiyalarının maliyyələşdirilməsi üçün ayrılan vəsait 2025-ci ilin təsdiqlənmiş xərcləri ilə müqayisədə 782,4 milyon manat və ya 10,9% artımla nəzərdə tutulub. Bunun 81,2%-i və ya 635,6 milyon manatı indeksasiya xərclərinin, digər hissəsi isə yeni təyin olunan və yenidən hesablanan pensiyaların məbləğlərinin maliyyələşdiriməsi ilə bağlı xərclərin payına düşür".

Nazir həmçinin xatırladıb ki, proqnoz göstəricilərə əsasən 2026-cı il üzrə indeksasiyanın təqribən 9,2% səviyyəsində olması, orta pensiyanın məbləğinin isə yenə də 9,2% artaraq 590 manata, yaşa görə pensiyanın məbləğinin isə 629 manata çatması proqnozlaşdırılır:

"Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası xətti ilə sığortaolunanların və əmək pensiyaçılarının sanatoriya-kurort müalicəsi və sağlamlaşdırma tədbirlərinin həyata keçirilməsi məqsədilə Fondun 2026-cı il büdcəsində 25 milyon manat vəsait nəzərdə tutulub".

Qeyd edək ki, DSMF-nin 2026-cı il üçün gəlirləri 8 milyard 323 milyon manat nəzərdə tutulur.

Son xəbərlər