Nazir: "Azərbaycan "yaşıl iqtisadiyyat" yolunda irəlilədikcə BƏƏ ilə əlaqələr daha da inkişaf edəcək"

Nazir: Azərbaycan yaşıl iqtisadiyyat yolunda irəlilədikcə BƏƏ ilə əlaqələr daha da inkişaf edəcək
İqtisadiyyat 31

Azərbaycan və Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) arasında iqtisadi əməkdaşlığın, xüsusən qarşılıqlı hədəflərə mühüm töhfə verə biləcək davamlı inkişaf və enerji təhlükəsizliyi sahələrində işbirliyini daha da genişləndirmək üçün böyük potensial mövcuddur.

"Report" xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov BƏƏ-nin Milli Gününə həsr olunmuş tədbirdə çıxışı zamanı deyib.

"Ticarət əlaqələrimiz və sərmayələr sahəsində əməkdaşlığımız davamlı olaraq inkişaf edir. Biz dost ölkə və etibarlı tərəfdaşımız olan Birləşmiş Ərəb Əmirlikləri ilə əlaqələrimizin dərinləşməsinə xüsusi əhəmiyyət veririk, məqsədimiz birgə fəaliyyətimizi daha da şaxələndirməkdir.

Sevindirici haldır ki, bu gün ölkələrimizin ən böyük şirkətləri olan ADNOC və SOCAR arasında əməkdaşlıq davam edir, güclənir. ADNOC ölkəmizin ən perspektivli layihələrindən olan "Abşeron" qaz yatağı layihəsinə, SOCAR isə BƏƏ-nin SARB və "UMM Lulu" neft və qaz yataqlarının işlənməsində tərəfdaşdırlar", - nazir bildirib.

M. Cabbarov vurğulayıb ki, Azərbaycan "yaşıl" və dayanıqlı iqtisadiyyata keçidə tam sadiq ölkədir: "İqlim məqsədlərimiz ambisiyalı, lakin reallaşdırıla biləndir. Belə ki, 2050-ci ilə qədər istilik effekti yaradan qazların emissiyalarını 40 % azaltmağı hədəfləyirik. Bu məqsədlə bərpa olunan enerji, enerji səmərəliliyi və dayanıqlı resursların idarə edilməsi sahələrində genişmiqyaslı təşəbbüslər həyata keçiririk və beynəlxalq iqlim dəyişiklikləri çərçivələri ilə uyğunluğumuzu təmin edirik".

Nazir xatırladıb ki, 2023-cü ildə Dubayda keçirilən COP28-dən sonra, bu il COP29-u Azərbaycanda keçirilməsi, qlobal ətraf mühit təşəbbüslərinin önündə olmaq üçün ölkənin göstərdiyi səyləri bir daha nümayiş etdirir.

O əlavə edib ki, Birləşmiş Ərəb Əmirlikləri Azərbaycanın "yaşıl enerji"yə keçid prosesində mühüm tərəfdaşıdır: "BƏƏ-nin "Masdar" şirkəti bu prosesdə həlledici rol oynayır. Ötən il "Masdar" tərəfindən açılışı edilən 230 MVt gücündə "Qaradağ" Günəş Elektrik Stansiyası bərpa olunan enerji sahəsində uğurlu əməkdaşlığın əyani nümunəsidir. Azərbaycanda xarici sərmayə ilə tikilən ilk bərpaolunan enerji stansiyası həm də regionda ən böyük günəş elektrik stansiyasıdır.

Əminəm ki, Azərbaycan "yaşıl iqtisadiyyat" yolunda irəlilədikcə, Əmirliklərlə əməkdaşlığımız qarşılıqlı etimad, ortaq baxış və güclü iqtisadi əlaqələr hesabına davamlı uğurun təmin edilməsi üçün daha da inkişaf edəcəkdir".

M. Cabbarov həmçinin bildirib ki, Azərbaycanın torpaqlarının işğaldan azad edilməsi regional əməkdaşlığın genişlənməsi üçün yeni imkanlar açıb: "Azərbaycan hökuməti bu əraziləri bərpa edərək, regionu sülh və əməkdaşlıq mərkəzinə çevirməyi hədəfləyir. Ətraf mühitin qorunması bərpa və yenidənqurma işlərində əsas prioritet olaraq qalır".

Son xəbərlər