MDB-də ən az işsizlər bu ölkədə yaşayır - SİYAHI

Müstəqil Dövlətlər Birliyinə (MDB) üzv ölkələrdə işsizlik rəqəmləri ölkələr üzrə kəskin fərqlənir.
BAKU.WS-in Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumata əsasən, bəzi ölkələrdə işsizlərin sayı sürətlə azalır, digərlərində isə hələ də yüksək olaraq qalır.
2024-cü ilin məlumatına əsasən, MDB üzrə ən çox işsiz Rusiyada qeydə alınıb – 1 milyon 915 min nəfər. Halbuki 2010-cu ildə bu rəqəm 5,5 milyon idi. Bu isə 14 il ərzində işsizlərin sayında təqribən 3,6 milyon nəfərlik azalma deməkdir.
Rusiyadan sonra ən çox işsiz Özbəkistanda müşahidə olunur. 2020-ci ildə 1,56 milyon nəfərə qədər yüksələn işsizlərin sayı 2024-cü ildə 836,4 min nəfərə qədər azalıb. Bu, MDB-də Rusiyadan sonra ən yüksək göstəricidir.

2024-cü ildə Qazaxıstanda 449,8 min nəfər işsiz olub. Maraqlıdır ki, 2010-cu ildən bəri bu ölkədə işsizlərin sayı ciddi dəyişiklik göstərməyib – 496,5 mindən 449,8 min nəfərə enib.
MDB-də ən az işsiz Moldovada qeydə alınıb – 35,2 min nəfər. Buna ölkənin əhalisnin az olması da təsir edib. Nəzərə almaq lazımdır ki, 2010-cu ildə bu göstərici 92 min nəfər idi. Qırğızıstanda da oxşar azalma müşahidə olunur – 2010-cu ildə 212,3 min nəfər işsiz olduğu halda, 2024-cü ildə cəmi 104 min nəfər qalıb.

Azərbaycanda işsizlərin sayı region ölkələri ilə müqayisədə orta səviyyədədir. 2024-cü ildə bu göstərici 282,3 min nəfər olub. Ölkəmizdə pandemiya dövründə (2020-ci il) işsizlik kəskin artsa da – 368,7 min nəfər, sonrakı illərdə azalma müşahidə edilib.
Belarusda 2015-ci ildən sonra işsizlərin sayında ciddi azalma baş verib və 2024-cü ildə 150,4 min nəfər təşkil edib. Ermənistanda isə əksinə, 2022-ci ildən etibarən artım tendensiyası müşahidə olunur: 176,6 min nəfərdən 2024-cü ildə 187,9 min nəfərə yüksəlib.
Rəqəmlər göstərir ki, iqtisadi islahatlar və pandemiyadan sonrakı bərpa prosesləri işsizliyin səviyyəsinə birbaşa təsir edib.
Oxşar xəbərlər
2050-ci ilə qədər su böhranı riskinin 30 % artacağı proqnozlaşdırılır
Qlobal miqyasda su istehlakı ildə 4 trilyon kubmetr həcmə çataraq həm insanların gündəlik tələbatı, həm də sənaye və kənd təsərrüfatının inkişafı üçün həlledici...
