Manat üzüaşağı gedir - proses qaçılmazdırmı...

Manat üzüaşağı gedir - proses qaçılmazdırmı...
İqtisadiyyat 1433

Milli valyuta olan manat ucuzlaşmaqda davam edir. Ekspertlər məsələdən narahatlıqlarını bildirməklə yanaşı, bunun qarşısıalınmaz proses olduğunu da vurğulayırlar. Mərkəzi Bankın manatın sentyabrın 1-nə olan məzənnəsi isə avqust ayının 31-i ilə müqayisədə dəyişməyərək 1,6321 manat olaraq qalıb. Avro isə manata nisbətən ucuzlaşıb.

Avrozonanın vahid valyutası 0,03 faiz zəifləyərək 1,8204 manat olub. Ekspertlərin sözlərinə görə, manatın daha da ucuzlaşacağı qaçılmaz görünür.

Ekspert Elşad Məmmədov məsələ ilə bağlı musavat.com-a açıqlamasında bildirib ki, ölkədə milli valyutanın növbəti dəfə devalvasiyaya məruz qalacağı artıq qaçılmaz görünür: "Əslində son aylarda bu proses tədricən baş verməkdədir. Ancaq proseslərin gedişatı bazarın manatın devalvasiyasının Mərkəzi  Bank tərəfindən həyata keçirildiyi yumşaq formadan daha kəskin formada həyata keçirilməsini tələb etdiyini göstərir. 

Dollara olan real tələbat bazarda təklif olunan dollar təklifini son aylarda təxminən 10 dəfə üstələyir. Bunun özü Mərkəzi Bank tərəfindən müəyyən edilmiş məzənnənin inzibati məzmunundan və real iqtisadi durumdan uzaq olmasından xəbər verir. Hesab edirəm ki, növbəti devalvasiyanın ölkənin bank sektoruna, makroiqtisadi göstəricilərə verəcəyi ciddi mənfi fəsadları nəzərə alaraq, Mərkəzi Bank bu prosesə maksimum dərəcədə  müqavimət göstərməyə çalışır. 

Lakin dollar satışının məhdudlaşdırılması, manat kütləsinin azaldılması və bu kimi sərt monetar  tədbirlər yalnız çox qısa müddətdə hansısa müsbət effekt verə bilər. Ölkənin tədiyyə balansının durumu, ixracın kəskin azalması, kapital  axınının həcminin kritik səviyyədə   olması manatın möhkəmlənməsi ehtimalını heçə endirir. Hesab edirəm ki, nə qədər qeyri-neft sektorunun inkişafından, iqtisadiyyatın, o cümlədən ixrac sektorunun  diversifikasiyasından danışılsa da, reallıqda bu tədbirlər həyata keçirilsə belə, onların hansısa nəticələri yaxşı halda 3-4 ilə müəyyən dərəcədə hiss oluna bilər. Hazırda isə ölkə hökumətinin iqtisadi blokunun iqtisadi durumun yaxın aylarda  sabitləşməsi üçün atmalı olduğu operativ addımlar ilk növbədə  ölkədən kapital axınının qarşısının alınmasından ibarət  olmalıdır ki, bu istiqamətdə hətta sərt inzibati addımların atılması da artıq fikrimcə, zəruridir. Düşünürəm ki, əks halda, ölkə iqtisadiyyatı növbəti aylarda daha ciddi makroiqtisadi problemlərlə üzləşəcək”.

Ekspert Qubad İbadoğlu isə bildirib ki, artıq manatın rəsmi və qeyri-rəsmi məzənnələri arasında fərq on faizə yaxınlaşır: "Yenidən valyuta bazarlarında gərginlik var, bir neçə gündür ki, valyuta satışının əsas dövriyyəsi qara bazarlara transfer olunub. Rəsmi və qeyri-rəsmi məzənnələr arasında fərq 10 faizə yaxınlaşır. Azərbaycanda yaranmış dollar qıtlığının başlıca səbəbini FED-in gözlənilən qərarında deyil, milli iqtisadiyyatda, xüsusilə də qeyri-neft ixracatında yaranmış acınacaqlı vəziyyətlə, ölkədən kapital axını və Mərkəzi Bankın mövcud situasiyaya adekvat olmayan yanlış siyasəti ilə izah etmək olar. Gömrük məlumatına görə, bu ilin 6 ayında ümumi ixracat gəlirləri 3 milyard 821 min 500 dollar, ondan qeyri-neft ixracı 584 milyon 500 min dollar olub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 27 faiz azdır. Beləliklə də adambaşına son 6 ayda ümumi ixrac 402 dollar, qeyri-neft bölməsinin ixracı isə 61,5 dollar olub. Ölkənin orta aylıq ümumi ixracatı 636,8 milyon, qeyri-neft ixracatı 97,4 milyon dollara bərabərdir. Deməli, əgər neft və qaz gəlirləri olmazsa milli iqtisadiyyatın indiki potensialı ilə valyuta gəlirlərimiz aylıq 100 milyon dollardan da aşağı düşərdi. Halbuki bu ilin ilk 6 ayında ölkəyə idxal mallarını gətirmək üçün 4 milyard, hər ay 666 milyon dollarlıq valyuta xərclənib”. 

Ekspertin sözlərinə görə, ixracatdan əldə edilən valyuta gəlirləri heç idxalı maliyyələşdirməyə belə yetərli deyil: "Bundan başqa, dövlətin, şirkətlərin, bankların borc öhdəliklərini, vətəndaşların cari ehtiyaclarını ödəməyə də əlavə olaraq valyuta qazanılmalıdır. Valyutanı qazanmaq üçün isə rəqabətə dözümlü, yüksək texnologiyalı, innovativ mal və xidmət istehsal etmək lazımdır. Bu isə iqtisadiyyatın modernləşdirilməsi, eləcə də təhsilin səviyyəsindən asılıdır. İqtisadiyyatın modernləşdirilməsi üçün isə ölkəyə xarici sərmayələr gəlməli və əlverişli investisiya mühiti formalaşdırılmalıdır. Təəssüf ki, bu hədəflərə qısa zaman çərçivəsində nail olmaq mümkün deyildir. Bu müddətdə manatı reanimasiyadan çıxartmaq mümkün olmayacaq. Ona görə də vaxt itirmədən islahatlara və iqtisadiyyatda təxirəsalınmaz tədbirlərə başlanılmalıdır”.

BAKU.WS

Oxşar xəbərlər

Manat sürətlə ucuzlaşır

Manat sürətlə ucuzlaşır

Azərbaycan Mərkəzi Bankı (AMB) manatın bu günə olan rəsmi məzənnəsini açıqlayıb. AMB-dən "APA"ya verilən məlumata görə, ABŞ-ın milli valyutası olan dolların ma...

1486 İqtisadiyyat 10:43 01 iyul 2016

Son xəbərlər