Alkoqol beyin hüceyrələrini məhv edən prosesi işə salır - Alimlərdən yeni araşdırma

Alkoqol beyin hüceyrələrini məhv edən prosesi işə salır - Alimlərdən yeni araşdırma
Digər 23

Alimlər alkoqoldan həddindən artıq istifadənin beyinə necə zərər verdiyini müəyyən ediblər. Araşdırmaya görə, spirt immun sisteminin mikroqliya adlanan hüceyrələrinin fəaliyyətini dəyişərək onları sinir toxumasını dəstəkləyən strukturu dağıtmağa yönəldir.

BAKU.WS xəbər verir ki, ABŞ-nin Klivlend Klinikasının alimlərinin apardığı tədqiqatın nəticələri "Immunity" elmi jurnalında dərc olunub.

Tədqiqatçılar xüsusi görüntüləmə üsullarından istifadə edərək mikroqliya hüceyrələrini alkoqolun təsirindən əvvəl və sonra müşahidə ediblər. Məlum olub ki, yüksək dozada spirt qəbulundan cəmi bir saat sonra bu hüceyrələrin çıxıntıları yığılmağa başlayır və onlar sinir toxumasının quruluşunu qoruyan hüceyrəxarici matriksi parçalayır.

Bu strukturun zədələnməsi neyronların fəaliyyətinin zəifləməsinə səbəb olur. Alimlər hesab edirlər ki, proses alkoqol qəbulundan sonra yaranan yuxululuq, hərəkətlərin koordinasiyasının pozulması və huşun itirilməsi kimi təsirləri izah edə bilər.

Araşdırma göstərib ki, hətta bir dəfə həddindən artıq alkoqol qəbulu hüceyrəxarici matriksə zərər vurur və neyronlar arasındakı əlaqələrin itirilməsinə gətirib çıxara bilir. Müntəzəm alkoqol istifadəsi zamanı isə qərarvermə və impulsların idarə olunmasında mühüm rol oynayan beyin qabığının alın payında neyron itkisi də müşahidə edilib.

Alkoqol istifadəsi ilə bağlı pozuntuları olan insanların beyin nümunələrinin təhlili də hüceyrəxarici matriksdə oxşar zədələnmələrin olduğunu üzə çıxarıb.

Tədqiqatçılar gələcək müalicə üsulları üçün mümkün hədəfi də müəyyən ediblər. Söhbət mikroqliya hüceyrələrinin aktivləşməsində iştirak edən MyD88 zülalından gedir.

Təcrübələr zamanı bu zülalın yaranmasına cavabdeh olan genin mikroqliya hüceyrələrindən çıxarılması sinir toxumasını və neyronları zədələnmədən qoruyub. Bundan başqa, qanda spirtin səviyyəsi yüksək olaraq qalsa da, alkoqolun sakitləşdirici təsiri zəifləyib.

Alimlər hesab edirlər ki, əldə olunan nəticələr alkoqolun beyinə təsir mexanizmlərinin daha dərindən öyrənilməsinə və gələcəkdə yeni müalicə yanaşmalarının hazırlanmasına kömək edə bilər.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Son xəbərlər