İlham Əliyev: İndi biz daha çox işlər görməliyik
Son illər ərzində, fikrimcə, iqtisadi nailiyyətlər böyük təəssürat bağışlayır. Biz bir çox sosial məsələlərin həllinə nail olduq. Yoxsulluğu 5 faizə qədər azaltdıq, işsizlik demək olar ki, eyni səviyyədədir və ölkəmizdə münbit sərmayə şəraiti mövcuddur.
BAKU.WS xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Fransa Sahibkarlar Təşkilatının - MEDEF-in nümayəndə heyəti ilə görüşdə deyib.
Prezident qeyd edib ki, son 15 il ərzində Azərbaycana 200 milyard dollardan artıq vəsait sərmayə kimi yatırılıb.
"Həmin investisiyaların yarısı xarici sərmayələrdir. Düzdür, xarici sərmayələrin əksər hissəsi neft və qaz sektoruna yatırılmışdır. Hazırda isə iqtisadiyyatın digər sahələrinə daha çox diqqət yetirilməlidir. Birmənalı olaraq, neft qiymətləri ilə bağlı vəziyyət iqtisadiyyatımıza mənfi təsir göstərmişdir. Bu, əsasən əvvəllər əldə etdiyimiz gəlirlərlə bağlıdır.
İndi isə qiymətlərin üç-dörd dəfə aşağı düşdüyü dövrdə gəlirlərimiz də müvafiq olaraq üç-dörd dəfə azalmışdır. Biz bunu islahatların daha fəal qaydada həyata keçirilməsi ilə əvəzləmək və qeyri-neft sektoruna daha çox diqqət yönəltmək istəyirik.
Bu sektor hazırda ümumi daxili məhsulun təxminən 70 faizini təşkil edir və hesab edirəm ki, bu, şaxələndirmənin yaxşı göstəricidir. Lakin biz daha çox çalışmalıyıq. 2016-cı il üçün nəzərdə tutduğumuz planlar sabitləşmə ilə bağlıdır. Bu, artıq baş verir.
Hazırda maliyyə vəziyyəti sabitdir. Eyni zamanda, büdcə gəlirləri yaxşı səviyyədədir. 2017-2018-ci illər qeyri-neft sektorunun çox fəal inkişaf illəri olacaq. Dövlət və özəl sərmayələr artıq planlaşdırılıb. Əlbəttə, infrastruktur layihələri prioritet olacaq.
Həmçinin maraqlı olduğumuz sahələrə xarici sərmayələri gözləyirik. Biz sərmayədarların maraqları ilə ölkəmizin maraqları arasında tarazlığı tapmalıyıq. Bu günə qədər, fikrimcə, biz bu vəzifənin öhdəsindən gəlmişik. Lakin bu il yeni iqtisadi vəziyyət ilidir.
Dəfələrlə qeyd etdiyim kimi, biz artıq neftdən sonrakı dövrə qədəm qoymuşuq. Demək olmaz ki, neft və qaz erası bitib. Sadəcə, biz bu faktoru kənara qoymalıyıq və öz iqtisadi strategiyamızı elə formalaşdırmalıyıq ki, sanki bizdə neft və qaz yoxdur”.
İlham Əliyevin sözlərinə görə, dövlət Azərbaycanda daha cəlbedici biznes mühitinin yaradılması üzərində çalışır.
"Çünki 1991-ci ildə müstəqilliyi əldə etdikdən sonra ölkəmiz çox yoxsul vəziyyətdə idi. Vəziyyət tamamilə nəzarətdən çıxmışdı, siyasi böhran hökm sürürdü, vətəndaş müharibəsi baş verdi. Həmçinin Ermənistanın təcavüzü, torpaqlarımızın işğalı çox ağır və faciəli anlar idi.
Biz dövləti qurmalı idik. İqtisadiyyat tənəzzülə uğramışdı. İnflyasiya min faizdən artıq idi. Sənayedə durğunluq yaranmışdı. Ölkə təcrid olunmuşdu. Heç kəs Azərbaycan haqqında heç nə bilmirdi. Bir sözlə, irəliyə doğru getmək üçün yeganə yol ölkəni xarici sərmayələrə açıq etmək idi. Bu, yeganə yol idi.
1994-cü ildə hökumətimiz Azərbaycanı dünyaya açan "Əsrin kontraktı” adlanan müqaviləni imzaladı. Bu, bizə sərmayələri cəlb etmək, iqtisadiyyatı sabitləşdirmək imkanı yaratdı. 1996-cı il artıq resessiyanın dayandığı ilk il oldu. 1996-cı ildən etibarən ölkəmizdə iqtisadi artım dövrü başladı. Ən surətli artım 2000-ci ilin ortalarında oldu.
Bu, əsasən, neft hasilatının və qiymətinin artımı ilə bağlı idi. Biz vəsaitləri müasir infrastrukturu yaratmaq məqsədilə sərf etdik, çünki buna ehtiyacımız var idi. Sosial infrastruktur yaradıldı. Azərbaycanda son 10 il ərzində 3 mindən artıq məktəb və 500-dən çox xəstəxana tikildi. Bütün bunlar sosial layihələrdir. Elektrik enerjisi stansiyaları tikildi.
Son 10 il ərzində əvvəlki bütün təcrübə illəri ilə müqayisədə daha çox elektrik enerjisinin istehsalı obyektlərini inşa etmişik. Hazırda biz elektrik enerjisini ixrac edirik. Qazlaşdırma qazla zəngin olan ölkədə cəmi 20 faiz səviyyəsində idi. İndi bu, 90 faizdir. Biz qazı idxal edirdiksə, indi onu ixrac edirik.
Yol infrastrukturuna gəldikdə, minlərlə kilometrlik, bəlkə də, on min kilometrdən artıq yollar çəkilib. Bütün bunlar inkişaf, yenidənqurma və yerli, xarici sərmayə şirkətləri üçün yaratdığımız əsaslar oldu. Hazırda elə bir vaxtdır ki, biz qeyri-neft sektoruna heç vaxt görünməmiş dərəcədə diqqət yetirməliyik.
Ölkəmizi xarici investorlar üçün daha cəlbedici etməliyik. Bu səbəbdən, hazırda sürətləndirdiyimiz fəal və dərin iqtisadi islahatlar bu məqsədi daşıyır.
Azərbaycanda sərmayə qoymağı arzulayan xarici şirkətlərin qarşısında olan maneələr hansılardır? Biznes mühitində olan maneələr nədir? Gömrük qaydaları, vergilər necədir? Xarici və yerli şirkətlərin sərmayələri üçün digər maneələr nədən ibarətdir? Bununla bağlı, ciddi qərarlar qəbul etmişik. Onlar artıq öz effektivliyini göstərir.
Məsələn, dövlət qurumlarının özəl sektorda apardığı yoxlamaların məhdudlaşdırılması nəzərdə tutulur. Əgər 2015-ci ilin birinci rübündə 20 min yoxlamamız var idisə, bu rəqəm 2016-cı ilin birinci rübündə cəmi 30-dan artıq olub. Biznes mühitinin yaxşılaşdırılması, şəffaflıq, qəbul edilmiş ciddi qərarlar, Dünya Bankının "Doing Business” hesabatında reytinq göstəriciləri…
Davos Dünya İqtisadi Forumun hesablamalarına görə, Azərbaycan iqtisadiyyatı rəqabət qabiliyyətinə görə dünyada 40-cı yerdədir. Bir sözlə, nailiyyətlər əldə edilib. İndi isə biz daha çox işlər görməliyik. Əlbəttə, enerji faktoru öz mühüm rolunu oynamaqda davam edəcək.
Hazırda biz böyük vəsaitlər tələb edən "Cənub Qaz Dəhlizi” layihəsini həyata keçiririk və öz vəsaitlərimizdən milyardları onun həyata keçirilməsinə yönəltməliyik. Lakin bu, uzunmüddətli strateji layihədir. Bununla yanaşı, hazırda biznes fəaliyyətinə şərait yaradacaq layihələr mühüm əhəmiyyət kəsb edir”, - deyə, Azərbaycan dövlətinin başçısı bildirib.
BAKU.WS
Oxşar xəbərlər
İlham Əliyev: “Qazandığımızdan az xərcləməliyik”
"Azərbaycan siyasəti ondan ibarətdir ki, biz qazandığımızdan az xərcləməliyik”. BAKU.WS-in APA-ya istinadən məlumatına görə, bu sözləri Azərbaycan prezidenti İ...