Kartla 5 manatlıq ödəniş edənlər pul qazanacaq - Mərkəzi Bankdan kampaniya
07
fev
2019
09:19
Rəqəmsal ödənişlərin stimullaşdırılması və nağdsız ödəniş vərdişlərinin formalaşdırılması məqsədilə Mərkəzi Bank tərəfindən 1 fevral 2019-cu il tarixindən başlayaraq geniş əhali təbəqəsini əhatə edən 3 aylıq “Kartla ödə, kartla qazan” adlı stimullaşdırıcı lotereya keçiriləcək. Üç tiraj üzrə keçiriləcək stimullaşdırıcı lotereya, müvafiq olaraq fevral, mart və aprel ayları ərzində Azərbaycan bankları tərəfindən emissiya edilmiş bütün növ ödəniş kartları ilə ölkədə fəaliyyət göstərən təsərrüfat subyektlərində (mağaza, restoran və s.) quraşdırılmış POS-terminallarda minimum 5 (beş) manat məbləğində nağdsız əməliyyat aparan kart istifadəçiləri avtomatik olaraq kampaniyada iştirak hüququ əldə edəcəklər. Lotereyanın uduş məbləği 50 (əlli) manat məbləğində kart sahibinin bank hesabına daxil edilərək “cashback” şəklində təqdim olunacaq. Bu barədə kart hesabına xidmət edən bank tərəfindən müştərilər məlumatlandırılacaq. Ölkə üzrə ümumilikdə 1800 nəfərin qalib olacağı lotereya 1 fevral 2019-cu il tarixindən 30 aprel 2019-cu il tarixinədək 3 tirajda təşkil ediləcəkdir. Hər bir ay üzrə uduş fondu aşağıdakı tarixlərdə Mərkəzi Bankda kənar qurumların nümayəndələrindən ibarət Tiraj Komissiyasının nəzarəti ilə oynanılacaqdır.
1-ci tirajın uduş fondu 15 mart 2019-cu il tarixində oynanılacaqdır (tiraj 01.02.2019-dan 28.02.2019-a qədər olan dövrü əhatə edir);2-ci tirajın uduş fondu 12 aprel 2019-cu il tarixində oynanılacaqdır (tiraj 01.03.2019-dan 31.03.2019-a qədər olan dövrü əhatə edir);3-cü tirajın uduş fondu 15 may 2019-cu il tarixində oynanılacaqdır (tiraj 01.04.2019-dan 30.04.2019-a qədər olan dövrü əhatə edir).Lotereyada iştirak hüququ verməyən əməliyyatlar:korporativ kartlarla aparılan əməliyyatlar;ləğv edilmiş (reversal) əməliyyatlar;istifadəçisi eyniləşdirilməyən kartlarla aparılan əməliyyatlar;elektron ticarət əməliyyatları.
Lotereya, Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli 1138 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında telekommunikasiya və informasiya texnologiyalarının inkişafına dair Strateji Yol Xəritəsi” və 2018-ci il 26 sentyabr tarixli 508 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “2018–2020-ci illərdə Azərbaycan Respublikasında rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı” üzrə Mərkəzi Banka verilən tapşırıqlar çərçivəsində əhalinin rəqəmsal ödənişlərə və ödəniş kartlarından istifadəyə stimullaşdırılması məqsədilə həyata keçirilir.BAKU.WS
Oxşar xəbərlər
Bolkartla alış-veriş et, İstanbula SƏYAHƏT qazan!
Hər zaman yenilikləri ilə adını “ilklər” sırasına yazdıran “Bank of Baku”, ölkənin ilk hissə-hissə ödəniş kartı olan Bolkart sahiblərinə özəl kampaniyaya start...