Gələn il Azərbaycanda 450 minə yaxın şəxs aktiv məşğulluq tədbirlərinə cəlb olunacaq
Gələn il İşsizlikdən Sığorta Fondunun (İSF) vəsaiti hesabına 450 minə yaxın şəxsin aktiv məşğulluq tədbirlərinə cəlb olunması gözlənilir.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev Milli Məclisdə "Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı deyib.
Nazir xatırladıb ki, İSF-nin 2026-cı il üzrə gəlirləri 238,3 milyon manat həcmində nəzərdə tutulur.
O qeyd edib ki, bu ilin 10 ayında məşğulluq orqanları tərəfindən 158 min nəfər işsiz və işaxtaran şəxs işlə təmin edilib:
"Növbəti il isə 170 minə yaxın şəxsin işə düzəlməsinə dəstək veriləcəyi gözlənilir. Əhalinin məşğulluğunun təmin edilməsində əsas aktiv məşğulluq tədbirlərindən olan özünüməşğulluq proqramı növbəti ildə də davam etdiriləcək və İSF büdcəsinin xərclərinin 29%-i təşkil edəcək.
Növbəti ildə İSF-nin vəsaiti hesabına 8 min, Dünya Bankı layihəsi çərçivəsində isə 7 min nəfər olmaqla ümumilikdə 15 min ailənin özünüməşğulluq proqramına cəlb edilməsi nəzərdə tutulur. Bu çərçivədə vətəndaşlara təqdim edilən zərflərdə çeşid müxtəlifliyinin artırılması məqsədilə yeni zərfin tətbiqinə başlanılacaq".
A.Əliyev əlavə edib ki, gələn il işsiz və işaxtaran şəxslərin peşə hazırlığı və əlavə təhsil imkanlarının genişləndirilməsi məqsədilə 17 min 500-ə yaxın müdavimin bu prosesə cəlb olunması istiqamətində müvafiq işlərin həyata keçirilməsi nəzərdə tutulur.
Oxşar xəbərlər
Azərbaycanda daha 54 nəqliyyat vasitəsi hərraca çıxarılacaq
Dekabrın 18-də İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti dövlət mülkiyyətində olan avtomobillərin satışı ilə bağlı növbəti dəfə hərrac keçi...