Bakı-Balakən qatarı turizmin inkişafına töhfə verəcək - AÇIQLAMA

Bakı-Balakən qatarı turizmin inkişafına töhfə verəcək - AÇIQLAMA
Foto
İqtisadiyyat 267

Bakı-Balakən-Bakı marşrutunun yenidən bərpa edilməsi daxili turizmin inkişafına mühüm təsir göstərəcək və ölkədaxili səfərlər üçün daha geniş imkanlar yaradacaq.

BAKU.WS-in məlumatına görə, bu layihə Azərbaycan Dəmir Yolları QSC-nin (ADY) sərnişindaşıma sektoruna, hər nə qədər rentabelli olmasa da, strateji əhəmiyyət verdiyini və vətəndaşlardan gələn çoxsaylı müraciətləri diqqət mərkəzində saxladığını göstərir.

Dəmir yollarında əsasən yükdaşımalar gəlirli və rentabelli fəaliyyət sahəsi hesab olunsa da, ADY rəhbərliyi sərnişinlər üçün xidmət keyfiyyətinin artırılmasına və müştəri məmnuniyyətinin təmin olunmasına xüsusi diqqət ayırır. Bakı-Balakən marşrutunun fəaliyyətə başlaması isə bölgələrə turist axınını artırmaqla, yerli iqtisadiyyatın canlanmasına, turizm obyektlərinin daha çox tanınmasına və regionlarda yeni iş yerlərinin yaradılmasına şərait yarada bilər.

Bu cür layihələr həm yerli turistlər, həm də xarici səyyahlar üçün yeni imkanlar açır və Azərbaycanın mədəniyyətini, təbiətini və regionlarının turizm potensialını daha geniş auditoriyaya çatdırmağa xidmət edir. Bu isə uzunmüddətli perspektivdə ölkənin turizm sektorunun dayanıqlı inkişafına şərait yaradacaq.

Millət vəkili Vüqar Bayramov da BAKU.WS-ə bildirib ki, daxili turizmin, eləcə də regionların inkişafında dəmiryol nəqliyyatının xüsusi əhəmiyyəti var:

"İnkişaf etmiş ölkələrdə vətəndaşların ən çox ölkə daxilində üstünlük verdiyi nəqliyyat növlərindən biri məhz dəmir yoludur. Bu həm də birbaşa onunla bağlıdır ki, dəmir yolu nəqliyyatından gecələr də istifadə etmək mümkündür. Yəni gecə qatarları daha populyardır, xüsusən də uzun məsafələr üçün nisbətən az xərc tələb edir.

Eyni zamanda ekoloji baxımdan təmiz hesab olunur. Ona görə Bakı-Balakən dəmiryolu xətti nəzərə alınmaqla, ölkə daxilində dəmiryolu xəttinin genişləndirilməsi və istifadəyə verilməsi regionların inkişafı baxımından vacibdir. Bakı-Balakən dəmiryolu xətti daxili turizmin inkişafına da dəstək olacaq.

Ölkə daxilində dəmiryol xətləri şəbəkəsinin genişləndirilməsi məqsədəuyğundur. İşğaldan əvvəlki dövrdə Bakı-Horadiz dəmir yolu qatarı var idi və bu qatar dəmiryolu xətti ilə Zəngilana qədər gedirdi. Artıq işğala son qoyulub, Azərbaycan zəfər əldə edib. Bizim təkliflərimizdən biri ondan ibarətdir ki, Qarabağ və Şərqi Zəngəzura da Bakıdan qatarların gedişi təmin olunsun".

Qeyd edək ki, ADY Bakı-Balakən-Bakı marşrutunun bərpası ilə gecə səfərlərinə start verəcək. Yataq tipli qatarlar yanvarın 3-dən etibarən hər gün saat 23:50-də Bakıdan Balakənə, yanvarın 4-dən isə saat 22:10-da Balakəndən Bakıya hərəkət edəcək. Marşrut üzrə Şəki, Qax, Zaqatala və Balakən stansiyaları, eyni zamanda dörd aralıq dayanacaqda da sərnişinlərin düşüb-minməsi təmin ediləcək.

Orxan Hüseyn

Son xəbərlər