Azərbaycanda qızılın qiyməti kəskin bahalaşa bilər

Azərbaycanda qızılın qiyməti kəskin bahalaşa bilər
Foto Açıqlama
İqtisadiyyat 625

"Comex" birjasında (Nyu-York əmtəə birjasının bir bölməsi) keçirilən ticarət sessiyasında qızılın qiyməti tarixdə ilk dəfə olaraq bir troya unsiyası üçün 2800 dolları keçib.

BAKU.WS-in məlumatına görə, son bir neçə ayda qızılın qiyməti davamlı olaraq artmaqdadır. Bu tendensiya investorların qızıla olan marağının artması ilə izah olunur.

Eyni zamanda, qlobal iqtisadi və siyasi qeyri-müəyyənlik də qızıla tələbatı artırır. Ekspertlər hesab edir ki, yaxın gələcəkdə qızılın qiyməti yenə də qalxa bilər və 3000 dollar səviyyəsinə çata bilər.

Bəs qızılın qiymətinin dünya bazarında bahalaşması Azərbaycana necə təsir edəcək? Bu qiymət artımının ölkəmiz üçün hansı riskləri var?

Mövzu ilə bağlı Milli Məclisin deputatı, iqtisadçı alim Vüqar Bayramov BAKU.WS-ə bildirib ki, Azərbaycan qızıl olan tələbi daha çox idxal hesabına ödəyir və qızıl idxal etdiyimiz ölkələr İtaliya, Rusiya, Türkiyə və Birləşmiş Ərəb Əmirlikləridir (BƏƏ):

Bu ölkələrdən idxal hesabına daxildə qızıl olan tələb ödənilir. Təbii ki, yerli istehsalımız da var, amma yerli istehsal daha çox yığım üçün istifadə olunur və nəticədə emaledici və bazara çıxarılan qızıl xaricdən idxal edilən qızıllardır.

Əgər dünya bazarında mütəmadi olaraq qızıl bazarında bahalaşmanı müşahidə edirik. Qızılın qiymətində dəyişikliklər mütəmadi müşahidə olunur və Azərbaycan qızıl bazarında da qiymət artımları müşahidə edilib.

Dünya bazarındakı qiymət artımları uzunmüddətli dövrü əhatə edərsə, qızılın qiymətindəki artımların müddəti uzun olursa, o halda Azərbaycana idxal olunan qızılın xərcində də artımlar olacaq. Xərcin artması qızılın Azərbaycan istehlak bazarındakı qiymətinə təsir göstərə bilər və qızılın qiymətində artımlar müşahidə oluna bilər. Ona görə də o baxımdan Azərbaycan istehlak bazarında qızılın qiymətinin dəyişməsi birbaşa dünya bazarında qızılın qiymətindəki artımların hansı dövrü əhatə etməsi ilə bağlı olacaq. Əgər bu qısa deyil, orta və uzunmüddətli dövrü əhatə edəcəksə, o halda biz daxili bazarda da qiymət artımları müşahidə edəcəyik".

Orxan Hüseyn

Son xəbərlər