ASCO bir neçə gəmisini metanol yanacağına keçid məqsədilə retrofit edə bilər
"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC (ASCO) 2027-2030-cu illərdə bir neçə gəmisinin metanol yanacağına keçid üçün retrofit olunmasını nəzərdən keçirir.
Bunu "Report"a açıqlamasında ASCO-nun Dayanıqlılıq və emissiyaların idarəedilməsi üzrə direktoru Ələkbər Əzizli bildirib.
O qeyd edib ki, ASCO-da dayanıqlı inkişaf siyasətinin davamlı yenilənməsi məqsədilə Ekoloji Sosial İdarəetmə (ESG) əlaqələndirmə qrupu təşkil olunub: "Gəmiçilik ESG-nin tədbirlər planına mühüm məsələləri daxil edib. Buraya emissiyaların azaldılması məqsədilə gəmilərdə konstruktiv dəyişikliklərin və innovasiyaların tətbiqi, gəmilərin sahil enerji xətlərindən istifadəsi, gəmilərdə "EcoPilot" elektron müdaxilə sisteminin tətbiqi, gəmilərin korma hissəsində xüsusi istiqamətləndiricilərin quraşdırılması daxildir".
Direktorun sözlərinə görə, 2030-2040-cı illərdə alternativ yanacaqlardan istifadəyə keçid nəzərdə tutulur: "Bununla da 2008-ci illə müqayisədə emissiyaların 70-80 %-ə qədər azaldılması hədəflənir. 2040-2050-ci illərdə isə sıfır emissiyalı alternativ yanacaq və texnologiyaların tam tətbiqinə keçid planlaşdırılır".
Ə.Əzizli onu da diqqətə çatdırıb ki, gəmilərdə "Flettner" rotorunun quraşdırılması imkanları da araşdırılır.
Oxşar xəbərlər
Azərbaycan "Şimal-Cənub" dəhlizinin bir hissəsinin bərpası çərçivəsində ADB ilə kredit sazişi imzalayıb
"Azərbaycan Dəmir Yolları" QSC və Asiya İnkişaf Bankı (ADB) regional əlaqələrin gücləndirilməsi məqsədilə "Şimal-Cənub" dəhlizinin Azərbaycandakı əsas hissəsini...