ARDNF dövlət büdcəsinə 176,8 milyard manatdan çox vəsait köçürüb
Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) 2026-cı ilin 30 iyun tarixinə ümumi 176,833 milyard manat həcmində vəsaiti dövlət büdcəsinə transfert edib.
BAKU.WS xəbər verir ki, bu barədə Dövlət Neft Fondu məlumat yayıb.
Qeyd edək ki, bu ilin yanvar-iyun aylarında ARDNF-nin 2026-cı il büdcəsinin icrası çərçivəsində 6 milyard 420 milyon manat vəsait dövlət büdcəsinə transfert edilib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 820,5 milyon manat və ya 11,3% azdır.
Əlavə edək ki, Dövlət Neft Fondunun (ARDNF) aktivləri 2026-cı ilin əvvəlinə 73 milyard 542 milyon ABŞ dolları (125 milyard 21 milyon manat), 2026-cı il iyun ayının 30-na isə 72 milyard 596 milyon ABŞ dolları (123 milyard 414 milyon manat) təşkil edib.
Bundan başqa, 2026-cı ilin yanvar-iyun ayları ərzində ARDNF-nin ümumi gəlirləri 8 milyard 531,3 milyon manat təşkil edib. Sözügedən dövrdə Fondun neft-qaz gəlirləri 4 milyard 953,4 milyon manat olub. Vəsaitlərin idarə edilməsi fəaliyyətindən əldə olunan toplam gəlirlər 3 milyard 577,9 milyon manat təşkil edib. Büdcə xərcləri hesabat dövrü üzrə 6 milyard 449,7 milyon manat təşkil edib.
ARDNF 29 dekabr 1999-cu il tarixində tarixli təsis edilib. Fond neft və qazdan əldə edilən gəlirlərin toplanmasını, səmərəli idarə edilməsini və gələcək nəsillər üçün saxlanmasını təmin edən xüsusi qurumdur. ARDNF büdcədənkənar, ayrıca dövlət təsisatıdır.
ARDNF investisiya portfelində aktivlərin şaxələndirilməsi strategiyasını davam etdirərkən, Fondun iştirak etdiyi beynəlxalq investisiya platformaları da genişlənir. Bu baxımdan, İndoneziya İnvestisiya Qurumunun (INA) Trend-ə verdiyi müsahibədə "Galaxy Orientis" Çin–ASEAN İnvestisiya Platformasında (CAIP) ARDNF-nin rolu xüsusi vurğulanıb.
İndoneziya İnvestisiya Qurumunun (INA) Fondlar və Kapital Tərəfdaşlığı üzrə direktoru Merlissa Trisnonun Trend-ə verdiyi müsahibəyə görə, Azərbaycan Dövlət Neft Fondu (ARDNF) platformanın təsisçi suveren investorlarından biri kimi mühüm strateji rol oynayır.
"Azərbaycan Respublikası Dövlət Neft Fondu platformanın təsisçi suveren investorlarından biri kimi mühüm rol oynayır. Onun iştirakı üç suveren fondun dünyanın ən dinamik inkişaf dəhlizlərindən biri boyunca uzunmüddətli investisiyaları və iqtisadi əməkdaşlığı dəstəkləmək istiqamətində ortaq öhdəliyini nümayiş etdirir", – deyə Merlissa Trisno bildirib.
Onun sözlərinə görə, CAIP Çin İnvestisiya Korporasiyası (CIC), İndoneziya İnvestisiya Qurumu (INA) və ARDNF-nin maliyyə imkanlarını, institusional təcrübəsini və beynəlxalq şəbəkələrini bir araya gətirərək regionda yüksək keyfiyyətli investisiya layihələrinin maliyyələşdirilməsini hədəfləyir.
"Platforma uzunmüddətli kapitalı, institusional təcrübəni və qlobal şəbəkələri birləşdirərək yüksək keyfiyyətli investisiya imkanları vasitəsilə regionun inkişafına töhfə verməyi qarşıya məqsəd qoyur", – deyə o qeyd edib.
Merlissa Trisno əlavə edib ki, hazırda platforma üzrə təxminən 520 milyon ABŞ dolları həcmində ilkin maliyyələşdirmə təmin olunub, ümumi hədəf isə 1 milyard ABŞ dollarıdır. Onun sözlərinə görə, gələcəkdə yeni institusional investorların cəlb olunması da nəzərdə tutulur.
"Hesab edirik ki, platforma zaman keçdikcə İndoneziya, Çin, ASEAN ölkələri, Azərbaycan və digər tərəfdaşlar arasında iqtisadi və investisiya əməkdaşlığının genişləndirilməsi üçün güclü zəmin yaradacaq", – deyə INA rəsmisi vurğulayıb.
Bu arada, ARDNF-nin beynəlxalq investisiya platformalarında iştirakının strateji əhəmiyyəti də diqqət çəkir. "Galaxy Orientis" Çin–ASEAN İnvestisiya Platformasının (CAIP) idarəedici tərəfdaşı olan "CGS International Securities" şirkəti Fondun platformaya mühüm institusional dəyər qatdığını bildirib.
"ARDNF platformaya xüsusi institusional baxış gətirir. Fond müxtəlif geosiyasi mühitlərdə uzunmüddətli investisiyalar həyata keçirmək təcrübəsinə və karbohidrogen gəlirlərinin idarə edilməsindən formalaşmış mürəkkəb portfel quruculuğu yanaşmasına malikdir", – deyə "CGS International Securities" şirkətinin Aktivlərin İdarə Edilməsi üzrə Qrup rəhbəri Ceyms Onq (James Ong) Trend-ə müsahibəsində bildirib.
Onun sözlərinə görə, ARDNF eyni zamanda Asiyada geniş özəl investisiya təcrübəsinə malik olan Çin İnvestisiya Korporasiyası (CIC) və İndoneziya İnvestisiya Qurumu (INA) ilə əməkdaşlıqdan, eləcə də çoxtərəfli suveren investisiya platformasında fəaliyyət göstərməyin yaratdığı institusional üstünlüklərdən faydalanır.
"Bu cür suveren əməkdaşlıq artıq birtərəfli kapital axını deyil, bütün iştirakçı fondlara fayda verən model kimi qəbul edilir", – deyə Ceyms Onq vurğulayıb.
Oxşar xəbərlər
"Azeri Light" neftinin qiyməti 97 dollardan aşağı düşüb
Dünya bazarında Azərbaycanın "Azeri Light" markalı neftinin qiymətində ciddi enmə qeydə alınıb. BAKU.WS xəbər verir ki, neft bazarındakı mənbənin verdiyi məluma...