Neft Fondu 97 milyon avroya bina aldı (FOTO)

Neft Fondu 97 milyon avroya bina aldı (FOTO)
İqtisadiyyat 1490

 

Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) İtaliyanın Milan şəhərinin tarixi biznes mərkəzində yerləşən və dəyəri 97 milyon avro təşkil edən Palazzo Turati ofis binasının satın alınmasına dair razılıq əldə edib.

BAKU.WS-in ARDNF-ə istinadla verdiyi məlumata görə, Palazzo Turati ofis binası ARDNF-nin İtaliyada həyata keçirdiyi ilk daşınmaz əmlak investisiyasıdır. Bu investisiya Fondun daşınmaz əmlak portfelinin diversifikasiyası üçün investisiya strategiyasına uyğun olaraq həyata keçirilib.

Palazzo Turati Milanın tarixi mərkəzində yerləşən Piazza Cordusio və Piazza Affarinin tam yaxınlığında və Duomo kilsəsindən 500 m məsafədə Via Meragvili 7 ünvanında yerləşir. Binanın birinci mərtəbəsində sərgi salonu və digər 6 mərtəbəsində ofislər yerləşir və ümumi sahəsi 10 360 kvadrat metr təşkil edir. 1880-ci ildə tikilmiş və Milan tarixi irsinin bir parçası sayılan Palazzo Turati yenicə əsaslı təmir olunub. Palazzo Turati ofis binası 2021-ci ilədək dövlət qurumu olan Milan Ticarət Palatası tərəfindən icarəyə götürülüb. Binanın satıcısı qismində Texnoholdinq S.P.A. çıxış edir.

Azərbaycanın Suveren Fondu olan Dövlət Neft Fondu 1999-cu ildə ümummilli lider Heydər Əliyevin qərarı əsasında neft və qaz ehtiyatlarına dair sazişlərin həyata keçirilməsi ilə bağlı Azərbaycan Respublikasının əldə etdiyi gəlirlərin toplanması, səmərəli idarə edilməsi və gələcək nəsillər üçün saxlanılmasını təmin etmək məqsədilə yaradılmışdır. 01 dekabr 2015-ci il tarixinə ARDNF-nin vəsaitlərinin ümumi həcmi 33,6 milyard ABŞ dolları təşkil edir. Qeyd edilən daşınmaz əmlaka investisiya Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 2011-ci il 27 oktyabr tarixli 519 nömrəli Fərmanı ilə dəyişikliklər edilmiş "Azərbaycan Respublikası Dövlət Neft Fondunun valyuta vəsaitlərinin saxlanılması, yerləşdirilməsi və idarə edilməsi haqqında Qaydalar"a, bu qaydalara uyğun olaraq qəbul edilmiş yeni investisiya siyasətinə əsasən həyata keçirilmişdir. Yeni investisiya siyasətinə əsasən investisiya portfelinin məcmu dəyərinin 15%-ə qədəri səhmlərə, 5%-ə qədəri qızıla, 10%-ə qədəri daşınmaz əmlaka investisiya edilə bilər.

Şahin Həbibov

BAKU.WS

Son xəbərlər