ADY və Çin Dəmir Yolları Bakı–Tbilisi–Qars dəmir yolu xəttinin potensialının artırılmasına dair razılığa gəlib

ADY və Çin Dəmir Yolları Bakı–Tbilisi–Qars dəmir yolu xəttinin potensialının artırılmasına dair razılığa gəlib
Foto
İqtisadiyyat 68

Azərbaycan və Çin beynəlxalq nəqliyyat dəhlizlərinin və yükdaşıma əməliyyatlarının inkişafı üzrə fəal əməkdaşlıq edəcək. "Azərbaycan Dəmir Yolları" QSC və "Çin Dəmir Yolları" Dövlət Korporasiyası arasında imzalanmış Anlaşma Memorandumu Bakı–Pekin münasibətlərinə yeni dinamika qazandırmaqla yanaşı, Avrasiya boyunca fasiləsiz bağlantı üçün mühüm addım kimi qiymətləndirilir.

ADY-dən BAKU.WS-ə bildirilib ki, sənəddə əsas diqqət həmçinin, Bakı–Tbilisi–Qars dəmir yolu xəttinin gücləndirilməsinə yönəlib. İki qurum Türkiyəyə, ardınca Avropaya çıxış imkanı verən Bakı–Tbilisi–Qars marşrutu üzrə nəqliyyat əlaqəsinin inkişaf etdirilməsi barədə razılığa gəlib. Bu xətt vasitəsilə Çin istehsal mərkəzlərinin Azərbaycan, Gürcüstan və Türkiyə üzərindən Avropa bazarlarına çıxışı daha da sürətlənəcək.

Bundan başqa, tərəflər dəmir yolu və liman imkanlarının birgə inkişafı, Xəzər dənizi üzərindən konteyner daşımalarının genişləndirilməsi, gündəlik blok-qatarların sayının artırılması və 10 qatarın keçidinə nail olunması istiqamətində əməkdaşlığı dərinləşdirməyə razılaşıblar.

Bakı–Tbilisi–Qars bu hədəflər fonunda Şərqlə Qərbi birləşdirən, yüksək ötürmə qabiliyyətli strateji nəqliyyat arteriyasına çevrilməkdədir.

2023-2024-cü illərdə ADY tərəfindən Orta Dəhlizin vacib seqmenti olan Bakı–Tbilisi–Qars dəmir yolu xəttinin Gürcüstan hissəsində modernləşdirmə işləri aparılıb. Bu, ölkəmizin tranzit potensialının artırılması və bütövlükdə Orta Dəhlizin rəqabət qabiliyyətinin yüksəldilməsi istiqamətində mühüm addımdır.

Son xəbərlər