Azərbaycanın İranla həmsərhəd olan gömrük-keçid məntəqələrində sərnişinlərin gediş-gəlişi tam məhdudlaşdırılıb.

Bu barədə Dövlət Gömrük Xidmətinin mətbuat xidmətinin rəhbəri Natiq Axundov BAKU.WS-ə açıqlamasında bildirib.

Qurum rəsmisi deyir ki, Çin Xalq Respublikasında aşkar edilən və qonşu İran İslam Respublikasında da yayılan koronavirus epidemiyasına görə, Astara və Biləsuvar gömrük-sərhəd keçid məntəqələrində profilaktik tədbirlər görülür.

“Buna görə də həmin məntəqələrdə sərnişinlərin keçidinə müvəqqəti olaraq tam məhdudiyyət qoyulub. Yalnız Azərbaycan Respublikası vətəndaşlarının İrandan Azərbaycan ərazisinə, İran İslam Respublikası vətəndaşlarının isə Azərbaycandan İrana keçidinə icazə verilir”, – deyə qurum rəsmisi bildirib.

Nəzərə alsaq ki, Azərbaycan bazarlarında İrandan gətirilən məhsullar çoxluq təşkil edir, bu zaman bahalaşma qaçılmazdır.

Tanınmış iqtisadçı ekspert Vüqar Bayramov BAKU.WS-ə açıqlamasında bildirib ki, İran məhsullarının ölkəmizə idxalı böyük bahalaşmanı qaçılmaz edir.

“İran Azərbaycan üçün vacib ticarət tərəfdaşlarından biridir. İran-Azərbaycan arasında ticarət dövriyyəsi 446 milyon dollardır. 404,8 milyon dolları İrandan Azərbaycana idxaldır, 31,2 milyon dolları Azərbaycanın İrana ixracıdır.

Göründüyü kimi biz İrandan daha çox məhsul idxal edirik. Bu baxımdan Azərbaycanın İrandan idxalı 13 dəfə çoxdur.

İranda koronavirusun yayılması İrandan Azərbaycana gətirilən məhsulların həcminə və strukturuna təsir göstərəcək”, - deyə Vüqar Bayramov bildirib.

Ekspert deyir ki, faiz etibarı ilə İrandan Azərbaycana daha çox kənd təsərrüfatı və qida məhsulları idxal edilir. Buna görə də bu məhsullar bahalaşacaq.

“Azərbaycana İrandan daha çox kənd təsərrüfatı məhsulları gətirilir. Eyni zamanda quru meyvələr, yüngül sənaye məhsulları, xüsusən də məişətdə istifadə edilən sənaye məhsulları idxal edilir.

Əgər koronavirusun miqyası genişlənərsə, İrandan Azərbaycana məhsul gətirilməsi dayanarsa, bu, böyük bahalaşmaya səbəb olacaq. Xüsusən kənd təsərrüfatı məhsullarının qiymətinə ciddi təsir göstərəcək.

Qiyməti daha ucuz olan kənd təsərrüfatı məhsulları Azərbaycana İrandan gətirilir. Əgər bu məhsulların idxalında çətinliklər yaranarsa, təbii olaraq onların qiyməti kəskin artacaq”.

Ekspert deyir ki, hələlik İrandan idxal edilən yüngül sənaye məhsullarının qiymətində qida məhsullarında olduğu kimi ciddi artımlar proqnozlaşdırılmır:

“Koronavirusun yayılma səviyyəsi nəzərə alınsa, həmin məhsullarının idxalının davam etməsi, həm də bu məhsulların alternativ olaraq Rusiya və Türkiyədən idxal olunması kompensasiya edilə bilər”.

Ziya SƏCCAD
BAKU.WS