SİZİN REKLAM BURADA!
055 213 76 73


Dünya İqtisadi Forumunun illik toplantısında iştirak etmək üçün İsveçrədə səfərdə olan Prezident İlham Əliyev dünən Davosda mühüm görüş keçirib.

BAKU.WS xəbər verir ki, Rusiyanın “LUKOIL” şirkətinin prezidenti Vahid Ələkbərovla görüşən İlham Əliyev Azərbaycanın “Naxçıvan” və “Qoşadaş” yataqları ətrafında müzakirə aparılıb.

Müzakirə nəticəsində bu yataqların “LUKOIL” şirkəti ilə birgə işlənilməsi barədə qərar qəbul edilib.

Söhbət zamanı perspektiv strukturlar və SOCAR - “LUKOIL” əməkdaşlığı ətrafında fikir mübadiləsi də aparılıb.

Əldə edilən razılaşmanı neft-qaz sahəsi üzrə ekspert İlham Şaban BAKU.WS-ə açıqlamasında nümunəvi addım kimi qiymətləndirib.

O, bu layihəni xarici investorların Azərbaycana cəlb edilməsi istiqamətində real fakt olduğunu deyib:

“Bundan öncə “LUKOIL” rəhbəri Rusiya mətbuatına açıqlamasında demişdi ki, şirkət Azərbaycanda iki layihə planlaşdırır. O zaman layihələrinin adını çəkməmişdi. İndi isə Davosda Prezident İlham Əliyevlə görüşdə layihənin nə olduğu bilindi”.

İlham Şaban kəşfiyyat xarakterli olan bu layihələrin riskli olduğunu deyib:

“Kəşfiyyat riskli bir sahədir. Bu sahəyə hər kəs gətirib yatırım etmir. Neftin qiymətinin heç də yüksək olmadığı bir dövrdə bu addımı yalnız alqışlamaq lazımdır. İqtisadiyyatın digər sahələrini də neft sektorundan nümunə götürməyə çağırıram”.

Ekspert kəşfiyyat quyusunun qazılmasının minimum 50 milyon dollar olduğunu və “LUKOIL” şirkətinin iki layihə üçün Azərbaycana 100 milyon dollar investisiya yatıracağını qeyd edib.

Qeyd edək ki, “Qoşadaş” yatağı Abşerondan 30 km şimala doğru ərazidə yerləşir. “Naxçıvan” yatağı isə Xəzər dənizinin dərinsulu hissəsində, “Şahdəniz” yatağında Cənub-qərbə doğrudur.

Fərid ƏDALƏT
BAKU.WS