VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Birləşmiş Ştatların "Skripal işi" ilə bağlı Rusiyaya ikinci sanksiyalar paketinə iki məhdudlaşdırıcı tədbir daxildir. 

BAKU.WS xəbər verir ki, bu barədə "The New York Times" qəzeti yazıb. Nəşrin məlumatına görə, ilk sanksiya paketi ABŞ banklarına Rusiya hökumətinə hər hansı borc və kredit verməklə bağlı qadağanı nəzərdə tutur. 

İstisna yalnız ərzaq alınması üçün götürülən kredit ola bilər. İkinci tədbirlər paketi beynəlxalq təsisatlar tərəfindən Rusiyaya maliyyə və texniki yardımla bağlı qadağadan ibarətdir. 

Qeyd edək ki, yeni sanksiyalar Rusiyanın Təhlükəsizlik İdarəsinin sabiq polkovniki Sergey Skripal və onun qızı Yuliyanın Solsberi şəhərində kimyəvi maddələrlə zəhərlənməsi ilə bağlıdır. Bu durum Rusiya iqtisadiyyatına, daha dəqiq desək rublun dəyərdən düşməsinə ciddi təsir edə bilərmi? Əgər bu baş verərsə Azərbaycan iqtisadiyyatına hansı təsirləri ola bilər? 

BAKU.WS xəbər verir ki, iqtisadçı ekspert Vüqar Bayramov bu kimi suallara belə aydınlıq gətirib: “Rusiya rubluna ABŞ-ın tətbiq etdiyi sanksiyalardan çox, neftin dünya bazarındakı qiyməti daha çox təsir göstərir. Nəzərə alsaq ki, 2014-2015-ci illərdə neftin qiyməti aşağı düşdükdə rubl dəyərsizləşmişdi. Sonrakı illərdə rus rublu mövcud məzənnəsini qoruyub saxlaya bildi. Rusiyaya tətbiq edilən sanksiyalar İrandan fərqli olaraq nisbətən yüngüldür. Moskvadan fərqli olaraq Tehrana qarşı ABŞ daha kəskin sanksiyalar tətbiq edir. Əgər Birləşmiş Ştatlar Rusiya üçün sanksiya dairəsini genişləndirərsə və nəticədə rubl dəyərdən düşərsə, bu durum Azərbaycan üçün heç də arzuolunan deyil. Rusiya qeyri-neft sektorunda Azərbaycanın əsas ticarət tərəfdaşıdır. Azərbaycanın ixrac etdiyi 1,8 milyard dollar dəyərində qeyri-neft ixracaatının təxminən 36 faizi Rusiya bazarına yönləndirilir. Bu, ümumi qeyri-neft ixracaatının üçdə birindən çoxu deməkdir. Həmçinin Rusiyada yaşayan həmyerlilərimizin Azərbaycana göndərdiyi remitensin (yəni pulun) məbləği rəsmi rəqəmlərə görə, 1 milyard dollardan artıqdır. Bu da nəticə etibarilə Rusiyadan gələn pulun həcminin nə qədər böyük olduğunu göstərir. 

Eyni zamanda Rusiya bizim idxal-ixrac əməliyyatları həyata keçirdiyimiz əsas ölkədir. Azərbaycanın aqrar məhsullarının 90 faizi Rusiya bazarlarına ixrac olunur. Bu baxımdan Azərbaycan üçün rus rublunun ucuzlaşması iqtisadi baxımdan heç də arzuolunan deyil. Manata təsirlərə gəldiksə isə, bu məsələdə Mərkəzi Bankın mövqeyi daha mühümdür. Rusiya rublunun manatın məzənnəsinə təsir etməsi üçün əsas amil dünya bazarında neftin qiymətidir. Dünya bazarında 60 ABŞ dolları bizim üçün fiskal həddir. Çünki büdcədə 60 dollar nəzərdə tutulub. 50 dollar humanitar həddir. Mərkəzi Bankın açıqlamalarında deyilir ki, 50 dollardan aşağı düşəcəyi halda, manata qarşı təzyiq artacaq. Neftin qiyməti məqbul olsa da, yüksək deyil. Son dövrlər neftin qiymətində azalmalar, neft ölkələri üçün arzuolunan deyil. Sözsüz ki, Rusiya rublu ucuzlaşarsa, dünya bazarında neftin qiyməti aşağı düşərsə, bu, manata qarşı təzyiqi və ölkədə dollar tələbatını artıracaq. Təbii ki, məzənnənin necə dəyişməsi, Mərkəzi Bankdan asılı olacaq. Bu hallar baş verəcəyi təqdirdə, biz dolların tələbinin artacağını proqnozlaşdırırıq, amma məzənnə birbaşa Mərkəzi Bankın qəbul etdiyi qərar və müdaxilə nəticəsində dəyişə bilər. 

Orxan Hüseyn
BAKU.WS