13,99%-dən ZAMİNSİZ, KOMİSSİYASIZ NAĞD KREDİT

 

 
Türkiyə Respublikasının bir sıra bölgələrində dabaq xəstəliyinin baş verməsi ilə əlaqədar Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin rəisinin və Baş Dövlət Baytarlıq Müfəttişinin səlahiyyətlərini müvəqqəti icra edən Azər Süleynamov 27 noyabr 2015-ci il tarixində 30 saylı Əmr imzalanıb.

BAKU.WS-in məlumatına görə, Azərbaycan Respublikası ərazisinin başqa dövlətlərdən keçə biləcək yoluxucu və ekzotik xəstəliklərdən qorunması məqsədilə "Baytarlıq  haqqında” Azərbaycan Respublikası Qanunun 8.1.7-ci maddəsini və Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti haqqında Əsasnamənin 8.4-cü bəndini rəhbər tutaraq Dövlət Baytarlıq Nəzarəti Xidmətinin imzaladığı bu əmrdə Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (BEB) rəsmi məlumatına görə, Türkiyə Respublikasının Van, İqdır, Sinop, Kars, Çorum bölgələrində dabaq xəstəliyinin baş verməsi bildirilir.

Bununla əlaqədar əmrdə həmin ərazilərdən və risk zonasına yaxın olan Kastamonu, Çankırı, Kırıkkale, Amasiya, Samsun, Ardahan, Ağrı, Erzurum bölgələrindən də diri heyvanların və heyvandarlıq məhsullarının idxalına müvəqqəti məhdudiyyət qoyulması, eləcə də digər dövlət baytarlıq nəzarətində olan yüklərin idxalına isə Türkiyə Respublikasının Dövlət Baytarlıq Xidmətinin yük çıxan ərazinin epizootik vəziyyəti və məhsulun sağlamlığı haqqında arayışı olduğu təqdirdə baxılması qeyd edilir.
Türkiyədə baş vermiş dabaq xəstəliyi ilə bağlı ölkəmizin bu xəstəlikdən qorunması üçün bütün zəruri tədbirlər görülməsi məqsədilə müvafiq strukturlara tapşırıqlar verilmiş və aidiyyəti dövlət qurumları məlumatlandırılıb.

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti bildirir ki, dabaq xəstəliyinə və digər iti yoluxucu xəstəliklərə görə ölkəmizdə epizootik vəziyyət sabitdir.
 
Türkiyə mətbuatı isə Azərbaycanın bu qərarını Rusiya-Türkiyə münasibətlərinin gərginləşməsindən sonra verildiyinə diqqət çəkib. Türkiyə yerli KİV-ləri bu məlumatı öz oxucularına "Azərbaycandan Türkiyəyə şok edən qərar" başlığı ilə veriblər. 
 
Şahin Həbibov
BAKU.WS