Ötən gün Bakının Dənizkənarı Milli Park ərazisində özünü dənizə ataraq intihar edən Pərvin Ağayevin ölümünün səbəbi məlum olub. 25 yaşlı gənc külli miqdarda banka borclanıb və sonradan kreditlərini ödəmədiyi üçün intihar yolunu seçib. Gəncin bu cür addım atması bir neçə sualın yaranmasına səbəb olub. Bankdan kredit götürən şəxs ölərsə, onun borcu kimin üzərinə düşür? Kredit zamin duran şəxs, yoxsa kredit alanın ailəsi ödəməlidir?
 
BAKU.WS bu suallara cavab tapa bilmək üçün İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin nümayəndəsi Samir Əliyevə müraciət edib. İqtisadçı isə öz növbəsində bildirib ki, əslində vətəndaş kredit götürəndə həm də vəsaitin vaxtlı-vaxtında ödənilməsi ilə bağlı öhdəlik götürür.
 
Banklar isə özlərini sığortalamaq üçün çox hallarda zamin tələb edir: "Əgər vətəndaş təminatlı kredit (girov müqabilində götürülən kredit) götürübsə, o zaman borc şəxsin əmlakı hesabına bağlanır. Təminatsız kreditlər də isə vəziyyət bir az fərqlidir. Çünki bu tip kreditlərin arxasında girov durmur və bu kreditlər zaminlər hesabına verilir. Təminatsız kredit götürmüş şəxs borcu ödəmək iqtidarında deyilsə, o zaman kredit borcunu zamin ödəməlidir. Zamin olmadıqda isə bir qayda olaraq borcu ödəmək ölən şəxsin ailəsinin öhdəsinə düşür. Özünü öldürmək kredit probleminin həlli demək deyil. Banklar belə hallar baş verəndə ölən şəxsin yaxınlarına müraciət edir və kreditin ödənilməsini təmin edir”, - deyə iqtisadçı BAKU.WS-ə açıqlamasında söyləyib.

Maliyyə sahəsi üzrə ekspert, IJS Hüquq şirkətinin direktoru,vəkil Əkrəm Həsənovisə BAKU.WS-ə açıqlamasında məsələnin hüquqi prosesindən danışıb. Mütəxəssis hesab edir ki, vətəndaş əmlakına görə cavabdeh olmalıdır.
 
Yəni, onun maşını, evi və ya dəyərli zinət əşyası hesabına borcu bağlanmalıdır. Əgər həmin insanın əmlakı yoxdursa borc batır: "Vətəndaş vəfat edəndən sonra onun əmlakı varislərinə keçir. Vərəsələr əmlakı qəbul edəcəyi təqdirdə borcu da qəbul etmiş olur. Əgər borc əmlakın dəyərindən çoxdursa, o zaman vərəsə yalnız əmlakın dəyəri qədər borca cavabdeh olur. O, əlavə borcu ödəməyə məcbur deyil. Vətəndaş sağ olanda da, öləndə də zamin kredit götürənlə eyni öhdəliyi daşıyır. Vətəndaş ölsə onun kreditini zamin ödəməlidir. Kredit sahibi banka girov qoyubsa, zamin sonradan həmin borcu əmlak hesabına bağlaya bilər. Əgər kredit təminatsızdırsa və krediti götürən şəxs ölübsə, o zaman zamin bank qarşısında götürdüyü öhdəliyi yerinə yetirməlidir”, - deyə Ə.Həsənov söyləyib.
 
ŞAHİN Həbibov 
BAKU.WS