VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Bakı – Heydər Əliyev Beynəlxalq Aeroportu 2017-ci ilin yanvar-sentyabr ayları ərzində 3,1 milyon sərnişinə xidmət göstərmişdir. Bu göstərici bütün 2016-ci il ərzində olan statistikaya yaxındır.

Heydər Əliyev Beynəlxalq Aeroportunun mətbuat xidmətindən BAKU.WS-ə verilən məlumata görə, hesabat dövründə “Azərbaycan Hava Yolları” (AZAL) milli aviadaşıyıcısının payına 1,9 milyon sərnişin düşmüşdür ki, bunun da 468 min nəfəri daxili reyslərlə daşınmışdır.

Sərnişinlərin 85 faizi beynəlxalq reyslərin payına düşmüşdür. Heydər Əliyev Beynəlxalq Aeroportunun beynəlxalq daşımalarının 46,1 faizi AZAL-ın, 53,9 faizi xarici aviadaşıyıcıların payına düşmüşdür.

Hazırda Heydər Əliyev Beynəlxalq Aeroportu 53 istiqamət üzrə 30 aviaşirkətə xidmət göstərir. Ən məşhur beynəlxalq istiqamətlərin onluğuna - Moskva, İstanbul, Dubay, Kiyev, Tehran, Antalya, Tbilisi, Bağdad, Doha və Sankt-Peterburq daxildir. 1,9 milyon sərnişin bu istiqamətlərə uçmuşdur.

Heydər Əliyev Beynəlxalq Aeroportunun yeni aerovağzal kompleksi (Terminal 1) 2014-cü ilin aprel ayında istifadəyə verilmişdir. Onun ümumi sahəsi 65 min kvadratmetr təşkil edir.

Dünyada müxtəlif aviaşirkətlər və hava limanları tərəfindən göstərilən xidmətlərin keyfiyyətinin öyrənilməsi üzrə ixtisaslaşan Böyük Britaniyanın nüfuzlu konsaltinq şirkəti "Skytrax" tərəfindən Heydər Əliyev Beynəlxalq Aeroportu 4 ulduza layiq görülmüşdür.

Cari ilin mart ayında Heydər Əliyev Beynəlxalq Aeroportu Rusiya və MDB ölkələrinin bütün hava limanları arasında göstərilən xidmət səviyyəsinə görə ən yaxşılar siyahısına başçılıq edərək Skytrax World Airport Awards mükafatına layiq görülmüşdür.

BAKU.WS