Azərbaycan hökuməti ticarət və ictimai iaşə sahələrində çalışan sahibkarlar üçün sadələşdirilmiş vergi dərəcəsini artırmağı təklif edir. Bu barədə parlamentdən məlumat verilib.
Vergi Məcəlləsinə düzəlişlər layihəsi parlamentə təqdim olunub.
Məcəllənin 220-ci maddəsində dəyişikliklərə əsasən, ticarət fəaliyyəti ilə məşğul olan sahibkarlar üçün sadələşdirilmiş vergi dərəcəsini dövriyyənin 6%-i, ictimai iaşə sahəsində fəaliyyət göstərən sahibkarlar üçün isə dövriyyənin 8%-i səviyyəsində müəyyən etmək təklif olunur.
Bu dərəcələr Azərbaycanın bütün regionlarında fəaliyyət göstərən sahibkarlar üçün müəyyən edilir.
Bu dəyişikliklər parlament tərəfindən qəbul olunacağı halda 1 yanvar 2016-cı ildən etibarən qüvvəyə minəcək.
Hazırda Azərbaycanda sadələşdirilmiş verginin fərqləndirilmiş dərəcəsi tətbiq olunur. Xüsusilə Bakıda fəaliyyət göstərən sahibkarlar üçün vergi dərəcəsi fəaliyyət növündən asılı olmayaraq dövriyyənin 4%-i, ölkənin digər regionlarında fəaliyyət göstərən sahibkarlar üçün dövriyyənin 2%-ni təşkil edir.
Sahibkarlıq fəaliyyəti ilə məşğul olan, illik dövriyyəsi 120 min manatdan çox olmayan fiziki və hüquqi şəxslər sadələşdirilmiş vergi ödəyiciləridir.
Mənbə: İnterfaks-Azərbaycan
BAKU.WS