Enerji sektoruna qoyulan sərmayə 5-6 ildən sonra gəlir gətirdiyi halda, turizmə yatırılan investisiya cəmi bir il ərzində gəlir əldə etməyə imkan verir. Turizmin inkişafı kənd təsərrüfatı, nəqliyyat, rabitə, ticarət və digər xidmət sahələrinə də stimullaşdırıcı təsir göstərir. Azərbaycan höküməti bu sahədə gəlirlərin leqallaşdırılması, eləcə də xidmətlərin qabaqcıl dünya standartları səviyyəsinə qaldırılması məqsədilə bu sahədə xidmətin səviyyəsini artırmağa, azulduzlu mehmanxanaların tikintisinə və POS-terminalların quraşdırılmasına böyük önəm verir.


BAKU.WS məlumat verir ki, hazırda respublika ərazisində xüsusi razılıq (lisenziya) əsasında fəaliyyət göstərən turizm şirkətlərinin sayı 285-ə, mehmanxanaların sayı isə 339-a çatıb.

 

Artıq turizm sektoruna aid obyektlərin təxminən 90%-dən çoxunda POS-terminallar quraşdırılıb. POS-terminalların quraşdırılmasında əsasən məqsədlərdən biri də tursitlərin plastik kartlardan sərbəst şəkildə respublikanın istənilən yerində ödəniş aparmasına münbit şərait yaradılmasıdır.


Azərbaycan höküməti yaxın illərdə bu sahədə mühüm islahatlar həyata keçirməklə turistlərin sayının 30-40 faiz artırılmasına nail olmaq niyyətindədir. Mədəniyyət və turizm naziri Əbulfəs Qarayev bildirmişdir ki, 2020-ci ilə qədər Azərbaycana gələn turistlərin sayının ildə 5 milyon nəfərə çatdırılması planlaşdırılır. Bunun üçün hazırlanan yeni dövlət proqramlarına uyğun olaraq, ölkənin müxtəlif yerlərində xüsusi turizm zonaları yaradılacaq. Turizm zonasının inkişaf konsepsiyası sərmayəçilərə imkan verəcək ki, onlar həmin ərazilərdə geniş tikinti-quruculuq işləri aparsınlar və bu sahəni inkişaf etdirsinlər.

 

Azərbaycan Turizm İnstitutunun rektoru Cəfər Cəfərovun sözlərinə görə, proqnozlara əsasən, 2023-cü ilədək turizm təhsili sahəsində müxtəlif peşələr üzrə ildə 75.600 nəfər kadr tələb olunacaq və bu, indiki rəqəmlərdən 8,3 dəfə çoxdur. Rektor bildirib ki, proqnozlaşdırılan işçilərin müxtəlif peşə ixtisaslarına görə bölgüsü beynəlxalq təcrübəyə uyğun olaraq ali təhsil üzrə 20%, orta ixtisas təhsili üzrə 30-40%, peşə ixtisası təhsili üzrə isə 50-60% təşkil edəcək:


"Ortaya çıxan nəticə budur ki, 2023-cü ildə tələb olunan ali təhsilli kadrların sayı ən azı 15.000 nəfər təşkil etməlidir. Buna görə də turizm təhsilində ciddi addımlar atılması vacibdir və kütləvi kadr hazırlığı prosesinə start verilməlidir”.


Turizm sahəsindəki problemlərin əsas səbəbləri peşəkar kadrların azlığı və rəqabətin tam formalaşmamasıdır. C.Cəfərovun fikrincə, rəqabət artdıqca müəssisə sahibləri də çalışacaqlar ki, həm qiymətə, həm də xidmətə ciddi fikir versinlər, əks halda, onlar rəqabətdə uduzacaqlar. Çünki xarici turizm şirkətləri belə obyektlərlə əməkdaşlıq etmirlər. Artıq əksər hotellər "hər şey daxil” prinsipi ilə işləməyə üstünlük verirlər, bu, bazar tələbatını daha yaxşı ödəyir. Bu paket hazırlanarkən, xidmətin keyfiyyəti əsas şərt kimi götürülür.

 

BAKU.WS