SİZİN REKLAM BURADA!
055 213 76 73


ƏDV-nin bir hissəsini geri almaq üçün vətəndaşlar şəxsiyyət vəsiqəsinin fərdi identifikasiya nömrəsi (FİN), doğum tarixi və mobil telefon nömrəsi vasitəsilə www.edvgerial.az portalında qeydiyyatdan keçməlidirlər. Bu zaman portalda həmin şəxs üçün elektron kabinet və virtual "pul qabı" yaradılır.

BAKU.WS xəbər verir ki, istehlakçı alınmış malların dəyərini nağd və ya nağdsız qaydada ödəyə bilər. Nağd ödəmələr zamanı satıcı istehlakçıya onlayn nəzarət-kassa aparatının çekini təqdim etməlidir. Malların dəyəri nağdsız qaydada ödənildikdə və POS-terminal nəzarət-kassa aparatı ilə inteqrasiya olunmadıqda, istehlakçıya POS-terminaldan çıxarış da verilməlidir.

İstehlakçı nəzarət-kassa aparatının çekini aldığı tarixdən 90 gün ərzində www.edvgerial.az portalına müraciət etməli və çek barədə məlumatları, yəni NKA çekinin 12 simvollu fiskal İD-sini elektron kabineti vasitəsilə sistemə daxil etməlidir. Həmçinin BirBank tətbiqinə malik olan və onu müvafiq qaydada yükləyən bütün istifadəçilər bu tətbiq vasitəsilə də çekin üzərində olan QR kodu (çekin sonunda yerləşdirilən sürətli məlumat kodu) oxudaraq ƏDV-ni daha rahatlıqla geri qaytara bilərlər. BirBank tətbiqi portalda qeydiyyata alınmış telefon nömrəsinə yüklənməlidir. Bu zaman ƏDV-nin geri qaytarılması ilə bağlı sorğu elektron kabinetdə avtomatik əks olunacaq.

Fiskal ID nədir?

Fiskal ID malın sürətli məlumat kodu olaraq xüsusi qurğular vasitəsilə oxuna bilən QR kod və ya çek üzərində nəzarət mexanizmi qurğusu tərəfindən formalaşdırılan 12-lik say sistemi üzrə simvollardan ibarət unikal identifikator, yeni çek formalarının üzərində çap olunması zəruri olan məlumatlardır.

Elektron kabinetə giriş şifrəsini unutmuşam, şifrəni necə bərpa edə bilərəm?

"Şifrənin bərpası" imkanı vasitəsilə şəxsiyyətinizi təsdiq edən sənədin FİN kodunu və qeydiyyatdan keçərkən istifadə etdiyiniz mobil nömrəni daxil edib, mobil nömrənizə göndəriləcək birdəfəlik şifrəni daxil etməklə yeni şifrə yarada bilərsiniz.

ƏDV-nin bir hissəsi alıcıya hansı müddət ərzində və necə qaytarılır?

Çekin çap edildiyi tarixdən 30 gün sonra ƏDV məbləğinin nağdsız ödənişlər üzrə 15%-i, nağd ödənişlər üzrə 10%-i alıcının elektron kabinet açılarkən yaradılan virtual “pul qabı”na yerləşdirilir.

Yanacaqdoldurma məntəqələrindən alınan mallara görə ödənilmiş ƏDV geri qaytarılırmı?

Yanacaqdoldurma məntəqələrindən neft və qaz məhsullarının alışı zamanı ödənilən ƏDV geri qaytarılmır.

Çek üzrə "gözləmə" və "qaytarılan" statusu nə deməkdir?

Çekin yaranma tarixindən 30 təqvim günü keçmədiyi halda çekin fiskal ID-si portala daxil edilərkən ƏDV-nin qaytarılmasına dair sorğu “gözləmə” statusu ilə “Tarixçə” bölməsində saxlanılır.

Çekin yaranma tarixindən 30 gün keçibsə, çekin fiskal ID-si portala daxil edilərkən ƏDV məbləği dərhal istehlakçının virtual hesabına köçürülür, “qaytarılan” statusu ilə “tarixçə” bölməsində saxlanılır.

"Bu çek üzrə alınan mallara görə ƏDV ödənilməyib" xətası hansı hallarda əks olunur?

Alınan mallar ƏDV məbləği hesablanmayan və ya ƏDV-dən azad edilən məhsullar olduqda müvafiq xəta mətni əks olunur.

"Satıcı ƏDV ödəyicisi deyil" xətası hansı hallarda əks olunur?

ƏDV ödəyicisi olmayan satıcılar tərəfindən satılan mal və xidmətlərə ƏDV hesablanmadığından ƏDV-nin qaytarılması mümkün deyil.

"Bu çek üzrə qaytarılmalı ƏDV 0.01 AZN-dən azdır, yaxud malların dəyəri bonus və kupon ilə ödənilib və ya ödənişin növü avansdır" xətası hansı hallarda əks olunur?

Çek üzrə qaytarılmalı ƏDV məbləği 0.01 AZN-dən aşağı olduqda və ya malların dəyəri bonus, hədiyyə kartları, hədiyyə kuponları və s. ilə ödənildikdə, yaxud ödənişin tipi avans olduqda müvafiq xəta mətni əks olunur.

Çek sistemə daxil edildikdə təsdiqlənməyə bilərmi?

Belə hal müxtəlif səbəblərə görə baş verə bilər. Məsələn, nəzarət qurğusunun müvəqqəti olaraq internetə çıxışı olmadığından məlumat sistemə ötürülməmiş ola, çek məlumatları daxil edilərkən alıcı hər hansı səhvə yol verə, çek məlumatları alıcının özü və ya digər şəxs tərəfindən sistemə artıq daxil edilmiş ola, sistemdə texniki nasazlıqlar baş verə bilər və s.

Mən dükanda malın dəyərini nağdsız şəkildə ödədim, satıcı mənə yalnız POS-terminalın çekini verdi. Belə olduqda ƏDV-nin qaytarılması üçün hara müraciət etməliyəm?

Belə hal baş verdikdə, “KapitalBank”ın 196 və ya Dövlət Vergi Xidmətinin 195 Çağrı Mərkəzinə müraciət etməyiniz xahiş olunur.

Avans üsulu ilə ödəniş etmişəm. Avans ödənişlərinə ƏDV qaytarılırmı?

Malların dəyərinin hissə-hissə ödənilməklə (beh və ya avans) satışı həyata keçirildikdə, malın tam dəyəri ödənildikdən sonra ƏDV məbləği geri qaytarılır.

Alıcı hər hansı malı qaytardıqda, ƏDV məbləği qaytarılacaqmı?

Çek üzrə ƏDV hələ qaytarılmadıqda, ödənilmiş tam məbləğ, ƏDV qaytarıldıqda isə qaytarılmış ƏDV məbləğ çıxılmaqla formalaşan məbləğ qaytarılır.

Geri qaytarılmış ƏDV məbləğindən necə istifadə edə bilərəm?

İstifadəçi virtual “pul qabı”na toplanmış vəsait ilə kommunal, mobil, internet, TV, cərimə və sığorta ödənişləri, həmçinin ölkədaxili bank kartlarına köçürmələr edə bilər.

BAKU.WS