DGK beş milyon vergi borcu olan şirkətlə tender müqaviləsi imzaladı
Dövlət Gömrük Komitəsinin (DGK) "Azərterminalkompleks" Birliyi "TVM İnşaat" şirkəti ilə satınalma müqaviləsi imzalayıb.
BAKU.WS "Qaynarinfo"ya istinadla xəbər verir ki, müqavilədə DGK-nın Tibbi Xidmət İdarəsinin Mərkəzi Gömrük Hospitalının yeni korpuslarının tikintisi işlərinin satın alınması nəzərdə tutulur. Müqaviləsinin maliyyə dəyəri 5 milyon 14 min 736.87 manat təşkil edir. Satınalma proseduru birmənbə üsulu ilə həyata keçirilib.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına əsasən, "TVM İnşaat" MMC 25 iyul 2016-cı ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 10 manatdır. Hüquqi ünvanı Bakı şəhəri, Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi, ev 3D, mənzil 8-də yerləşir. Şirkətin rəhbəri Feyzulla Əbülfət oğlu Bayramlıdır. O, bu aydan etibarən şirkətə direktorluq etməyə başlayıb. Ondan əvvəl isə "TVM İnşaat" MMC-nin qanuni təmsilçisi Musa Nizaməddin oğlu Ağayev olub.
Araşdırmalarımız zamanı məlum olub ki, şirkətin hazırda nə az, nə çox - düz 5 milyon 473 min 432.75 manat vergi borcu var. Bu ilin martında mediada "TVM İnşaat" MMC haqqında dərc edilən araşdırma materialında şirkətin öhdəlikləri yerinə yetirmədiyinə dair iddialar yer alıb.
Həmçinin iddialara görə, "TVM İnşaat" şirkətinin subpodratçılara 100 milyondan manatdan çox borcu olsa da, onu ödəməkdən yayınır. Bu, şirkətin maliyyə böhranı keçirməsi ilə əlaqələndirilir.
Araşdırma materialında şirkətin banklara da külli miqdarda borcu olduğu qeyd edilir. Açıq mənbələrdə "TVM İnşaat" MMC haqqında geniş məlumatlar yoxdur. Şirkətin nə əlaqə telefonlarına, nə də internet səhifəsinə rast gəlinmir. Bu baxımdan, "TVM İnşaat"ın maddi-texniki bazasının hansı səviyyədə olması bəlli deyil. Lakin şirkət haqqında dərc edilən araşdırma materialındakı iddialara əsaslansaq MMC-nin sadəcə tender əməliyyatlarında istifadə edilməsi üçün təsis edilən şirkətlərdən biri olduğunu söyləmək mümkündür. Yeri gəlmişkən, həmin materialdakı iddiaların heç biri şirkət tərəfindən təkzib olunmayıb.
Bir məqamı da xüsusi qeyd etmək yerinə düşər. Söhbət DGK-nın "Azərterminalkompleks" Birliyi ilə "TVM İnşaat" MMC arasında satınalma müqaviləsinin birmənbə metodu ilə bağlanmasından gedir.
"TVM İnşaat" MMC haqqında bəhs edilən tender üzrə satınalma predmeti üzərində xüsusi hüquqlara malik deyil. Axı söhbət sadəcə Mərkəzi Hospital üçün yeni korpusların tikintisindən gedir ki, Azərbaycanda bu işi görə biləcək onlarla şirkət mövcuddur.
Oxşar xəbərlər
Əşrəf Əşrəfliyə hökm oxundu
Təhsil eksperti kimi tanınan Əşrəf Əşrəflinin vətəndaşlara qarşı külli miqdarda dələduzluq etməsi ilə bağlı cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb. BAKU.WS...