VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Neftin dünya bazar qiyməti yenidən yüksəlməyə başlayıb. Artıq Brent markalı neftin hər bareli birjalarda 46 dollara təklif edilir. Doha samitindən sonra 5 faiz dəyər itirən "qara qızıl” növbəti 2 iş günündə mövqelərini bərpa edə bilib.

 

İqtisadçı ekspert Vüqar Bayramov BAKU.WS-ə deyib ki, bu həftənin çərşənbə axşamı neftin qiymətinin yüksəlməsi Küveytdə petrol işçilərinin tətili ilə bağlıdır. Belə ki, tətil nəticəsində mart ayında gündəlik 2.8 milyon barel neft hasil edən sözügedən ölkənin istehsalı 1.5 milyon barelə qədər azaldı. Eyni zamanda gündəlik istehsal texniki səbəblərdən Veneseulada 200 min barel, boru xəttində baş verən yanğına görə isə Nigeriyada 400 min barel azalıb.

Bayramov deyib ki, hasilatın azalması OPEK-ə üzv olmayan ölkələrdə də müşahidə edilməkdədir. Belə ki, son iki ildə ABŞ, Kanada və Latın Amerikası ölkələrində neft sektoruna sərmayə 40 faiz aşağı düşüb. Bu isə hasilata birbaşa təsir göstərməkdədir. Beynəlxalq Enerji Akademiyasının proqnozlarına əsasən OPEK-ə üzv olmayan ölkələrin gündəlik neft ixracatı 700 min barel aşağı düşəcək. 

Qiymət artımları uzun müddətlidirmi? Beynəlxalq Enerji Akademiyası eyni zamanda Çin daxil olmaqla bir sıra ölkələrdə neftə tələbin azalmasına da diqqəti çəkir. Eyni zamanda, Rusiya neft hasilatını gündəlik 12 milyon barelə çatdıracağını bildirib. İran isə sanksiyalardan öncəki gündəlik 4 milyon bareli hədəfləyir. Buna görə də, hələlik təklifin tələbi ən azı gündəlik 1 milyon barel üstələcəyi gözlənilir. Amma qiymətə ABŞ-da hasilatın birbaşa təsir göstərəcəyi proqnozlaşdırılır. Əgər Birləşmiş Ştatlar hasilatdakı azalmaları optimlaşdırarsa o zaman qiymət artımları müvəqqəti xarakter daşıya bilər.

Eyni zamanda, neftin dünya bazar qiymətinin hər bareli 60 dollaradək yüksələrsə o zaman ABŞ-da şist neftinin hasilatı üçün geniş imkanlar yaranır. Bu isə OPEK ölkələrinin xüsusən də Səduyyə Ərəbistanın maraqlarına uyğun deyil. Bu baxımdan, əksər beynəxalq agentliklər neftin dünya bazar qiymətində kəskin artımlar proqnozlaşdırmırlar. Amma neftin bazarı siyasiləşdiyi üçün istənilən sürpriz gözləniləndir.

Ekspert hesdab edir ki, neftin dünya bazar qiymətinin yüksəlməsi "qara qızılın” ixracatda payının hələ də 85 faiz olan Azərbaycana daxil olan valyutanın həcminin artması baxımdan vacibdir. Amma müvəqqəti qiymət artımları islahatlar paketinə heç bir halda təsir göstərməməlidir. Son iki ilin təcrübəsi göstərir ki, istənilən zaman neftin qiyməti öz trayektoriyasını dəyişə bilər.

BAKU.WS