Xüsusi təyinatlılar Rustaveli prospektini etirazçılardan təmizləyib - GÖRÜNTÜLƏR

Xüsusi təyinatlılar Rustaveli prospektini etirazçılardan təmizləyib - GÖRÜNTÜLƏR
Video
Dünya 123

Gürcüstanın baş naziri İrakli Kobaxidzenin Aİ ilə üzvlük danışıqlarını 2028-ci ilin sonunadək dayandırmaq qərarı qəbul edildiyini bəyan etməsindən sonra paytaxt Tbilisidə parlament binası və hakim partiyanın qərargahının qarşısına yüzlərlə insan toplaşıb.

BAKU.WS xəbər verir ki, narazı kütlə Gürcüstan hökumətinin bu qərarını etirazla qarşılayıb və Avropa Birliyinə inteqrasiyanın dayandırılmasını sərt şəkildə qınayıblar. Aksiyalara prezident Salome Zurabişvili də qatılıb.

Etirazçıları ərazidən uzaqlaşdırmaq üçün hüquq-mühafizə orqanlarının əməkdaşları səfərbər olublar. Gürcüstan Daxili İşlər Nazirliyinin xüsusi təyinatlı qüvvələri Tbilisinin Rustaveli prospektindən etirazçıları güc tətbiq edərək uzaqlaşdırıblar.

Belə ki, nümayişçiləri dağıtmaq üçün polis gözyaşardıcı qaz və su şırnaqlarından istifadə etmək məcburiyyətində qalıb.

Rustaveli prospektində etirazçılarla polis arasında qarşıdurma bütün gecə davam edib. Nümayişçilər asayiş keşikçilərindən uzaqlaşmaq üçün zibil qutuları və taxta stulları yandırıblar. Aralarında zaman-zaman toqquşmalar da yaşanıb.

Hazırda Rustaveli prospekti etirazçılardan tamamilə təmizlənib.

Qeyd edək ki, analoji aksiyalar Batumi və Kutaisidə də təşkil olunub. Yerli KİV Kutaisidə aksiya zamanı qarşıdurma olması, polisin bir neçə nəfəri saxlaması barədə məlumat yayıb.

Son xəbərlər